Hacı Balağa Rəzzaq oğlu Bağırovun 90 illik yubiley tədbiri

Hacı Balağa Rəzzaq oğlu Bağırovun 90 illik yubiley tədbiri

05 oktyabr 2019-cu il tarixində Lerik rayon Mədəniyyət Mərkəzində respublikada tanınmış ziyalı, Əməkdar həkim, məhşur cərrah-travmatoloq, istedadlı publisist Hacı Balağa Rəzzaq oğlu Bağırovun 90 illik yubileyi keçirildi. Yubiley tədbirini giriş sözü ilə Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru, jurnalist Hüsaməddin Abbasov açdı. Yubilyarın şərəfli ömür yolu haqqında Lerik rayon Mədəniyyət Mərkəzinin hazırladığı videoçarx nümayiş olundu. Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev, millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Elmi-Tədqiqat, Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Əli Davudov, BDU-nun kafedra müdiri, professor Anar İskəndərov, ADPU-nun kafedra müdiri, professor Elman Quliyev, Nəsimi adına Dilçilik İnstitutunun professoru İslam Qəribli, millət vəkili Aqil Abbas, Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar jurnalist Həmzə Vəliməmmədov, şair-dramaturq Eldar İskəndərzadə, şair Ağacəfər Həsənli, Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətləri olmuş Balağa Bağırov haqqında ürək sözlərini bildirdilər. Yubilyarın oğlu Əlimuxtar Bağırov ailə adından minnətdarlığını bildirdi. Yubiley gecəsində rayon mədəniyyət mərkəzinin "Yeni Dünya" ansamblının və "Cənub" üçlüyünün ifasında xalq və bəstəkar mahnıları ifa olundu. Bədii qiraət ustası Sədrəddin Ağaxanlı yubilyarın qələmə aldığı şeirləri səsləndirdi.