Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Yaqublu Əliqismət Mükafat oğlunun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Yaqublu Əliqismət Mükafat oğlunun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

22 noyabr 2021-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Yaqublu Əliqismət Mükafat oğlunun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.

Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və bulaq kompleksinin rəmzi açılışı oldu. Rayon icra hakimiyyəti tərəfindən bulaq kompleksinin önünə əklil və tər gül-çiçəklər düzüldü.

Bulaq kompleksinin önündə davam etdirilən mərasimdə aparıcı Hüsaməddin Abbasov şəhidin həyat və döyüş yolu barədə məlumat verdi. Onun 2016-cı il Aprel döyüşlərində, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ötən il Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirdi.

Açılış mərasimində şəhidin atası Mükafat Yaqubov, müəllimləri, sinif yoldaşları çıxış edərək şəhidin qısa, lakin şərəfli həyat yolundan, Vətən Müharibəsində göstərdiyi şücaətlərdən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışaraq, onlara öz minnətdarlıqlarını bildirdilər.

Sonda Rayon Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi və musiqi kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa edildi.