Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Qədim tarixə malik olan Lerik rayonu Talış dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsiləsi, bundan şimalda Peştəsər və Burovar dağ silsilələri uzanır. Rayon ərazisi əsasən dağlıq və dağətəyi olduğu üçün çətin relyefə malikdir. Hazırda rayonda 84 min nəfər əhali yaşayır.

Talış dağlarının zirvəsində Azərbaycanın füsunkar təbiəti, əzəmətli dağları, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, hayqıran çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lerik rayonu yerləşir.

Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. Lerik rayonun ərazisi İran İslam Respublikası ilə sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır. Talış və Peştəsər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 metr) və Qızyurdudur (2433 metr) Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1938-ci ildən Lerik adlanaraq Azərbaycan xəritəsinə düşmüşdür. Ərazisi 1084 kvadrat kilometrdir. Əhalisi 85 min nəfərdir.

Zuvand Peştəsər, Burovar və Talış sıra dağlarının əhatəsində, Qızyurdu və Kömürköy zirvələrinin arasında yerləşən bir ərazinin adıdır. Hal-hazırda Zuvandın ərazisində 34 kənd yerləşir ki, bunların da əksəriyyətində türklər yaşayırlar. Azərbaycanda sovet hakimiyyəti qurulandan 1938-ci ilə qədər isə Lerikin bütün ərazisi Zuvand rayonu adlanmışdır. 1938-ci illərdən sonra “Zuvand” məfhumu (toponimi) ancaq öz tarixi ərazisinə, əsasən, “Dağlar qapısı” və “Nisli körpüsü”ndən cənubda yerləşən vadiyə Diabar vadisinə (Diabar çökəkliyinə) aid edilməyə başladı” (7. 46-47). Dilçiliyimizdə “Zuvand” toponimi haqqında fərqli fikirlər mövcuddur. Bəzi müəlliflər bu adı talış, bəziləri fars, bəzilləri də türk mənşəli hesab edirlər.

1938-ci ildə Azərbaycan SSR Rəyasət Heyətinin 19 iyul tarixli fərmanı ilə mərkəz Lerikə köçürülmüş və rayon Lerik rayonu adlanmağa başlamışdır. Lerik rayonun öz xüsusi toponimik izahı vardır. "Lerik" toponimi barədə müxtəlif rəylər və mülahizələr mövcud olsa da, indiyə qədər bu adın dəqiq izahı yoxdur. Bir versiyaya görə, "Lerik" indi də yerli əhalinin dilində işlənən "Lik" toponiminin təhrif edilmiş formasıdır. "Lik" (lığ, lıx, lıxka) torpaq, palçıq deməkdir. Bunun əslində bir əsaslandırması da mövcuddur. Yəni, Lerikdə yağıntının miqdarı çox olduğundan, ərazi, onun yolları ilin əksər aylarında palçıqlı olur. Başqa mülahizələrə görə isə "Lik" qədim etnonim olub, mənşəyini qədim leqlərin adından götürüb. Xalq arasında isə "Lik" sözü "yağmurlu, çiskinli hava" mənasında işlənir. "Lerik"i təbiətin harmoniyası kimi izah edənlər də var. Buranın təbiətinin əsrarəngizliyi, hava şəraitinin gün ərzində bir neçə dəfə gözlənilmədən dəyişməsi və s. belə bir variantın meydana çıxmasına təkan verib.

Yer kürəsindəki 11 iqlim tipindən 8-nin Lerikdə olduğu müəyyən edilmişdir. Lerikin iqlimi mülayim-isti rütubətli, mülayim-soyuq quru və soyuq rütubətlidir. Ərazisinin əsas hissəsi üçün mülayim-isti rütubətli iqlim səciyyəvidir. Buranın yayı quru, nisbətən sərin olub, qışı mülayim-isti, payızı və yazı yağmurludur. Orta illik temperatur dəniz səviyyəsindəki hündürlükdən asılı olaraq tədricən azalır. Dəniz səviyyəsindən 600-1000 metr hündürlükdə olan dağ-meşə zonasında orta illik temperatur 9,6 – 12,1 dərəcə, 2000-2500 hündürlüyə malik dağ-çəmən ərazisində 6 dərəcədir.

Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.

Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü ) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur... Lerik ərazisində mövcud olan Oğlan və Qız qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkibmiş. Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.

Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII–XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.

Rəvayətə görə bura qədim Albanların məskəni olmuşdur.Burada Albanlara məxsus qəbiristanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir. Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının baş səhifələridir.

Lerikin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə də zəngindir. Faunasında isə vaxtilə şir, pələng, dağkeçisi və başqa nadir heyvanlar olub. İndinin özündə də Lerik meşələrində vaşaq, bəbir, qaban, ayı, canavar, çaqqal, tülkü, dovşan, meşə pişiyi, dələ, süleyşin, həmçinin kəklik, turac, meşə xoruzu, torağay, bildirçin və s. quş növlərinə rast gəlmək mümkündür. Rayonun Zuvand bölgəsində Zuvand qoruğu salınıb. Burada ölkəmizdə və dünyada az rast gəlinən, əsasən cənub bölgəsində yayılan heyvan və quşlar qorunur.

Ərazinin bitki örtüyü iki əsas zonaya bölünür: Dağ-çəmən zonası.Dağ-meşə zonası. Dağ-çəmən zonası rayonun cənub-qərbində Peştəsər silsiləsi ilə Talış silsiləsini əhatə edir. Statistik məlumatlara görə, torpaq səthinin 60-70 faizi çəmən bitkiləri altında, 10-15 faizi qayalıqlarda yerləşir. Dağ-çəmən zonasında yüksəkliyə qalxdıqca çim əmələ gətirən bitkilərlə rastlaşırsan. Burada bitki növlərindən gəvən, pində, ardıc kolu, kəklikotu, dağ nanəsi bitir. Dağ-meşə zonasında dəmirağacı, nil, cökə, göyrüş, vələs, fıstıq ağacları daha çox yayılmışdır. Yalnız meşələrdəki müqəddəs ziyarətgahlarda həmişəyaşıl şümşad ağacı bitir. İlboyu ətrafı atlas kimi bəzəyir, insanlara xoş ovqat bəxş edir. Lerik meşələri Alaşar – Buravar silsiləsində yerləşir və sahəsi 28120 hektara çatır. Meşələrdə alma, armud, alça, qoz ağacları, giləmeyvələrdən çiyələk, dağ çiyələyi, böyürtkən, yemişan, qaragilə geniş yayılmışdır.

Buraların dup-duru, şəffaf suyu, bulaqları, cayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik şay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Bülüdül, Zərinqala, Xanbulaq, Xansu, Yolahoni (Böyükbulaq). Bu bulaqların suyu süfrələrin bəzəyidir və respublikanın bölgələrinə göndərilir. Narzan tipli Bülüdül bulağının suyu böyrək, mədə-bağırsaq, qara ciyər, öd, oynaq və s. xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Rayonun ərazisindəki kükürd tərkibli sulardan mədə-bağırsaq, revmatizm xəstəliklərinin müalicəsində çox-çox keçmişdən istifadə olunur. Zərinqala və Yolahoni bulaqlarının suyunun tərkibi əhəngsizdir. Lerik özünün "Bülüdül", "Zərinqala", "Zuvand", "Xansu", "Xanbulaq" kimi yüksək keyfiyyətli müalicəvi suları ilə də yaxşı tanınır. İlahinin bəxş etdiyi bənzərsiz gözəlliklər, sərvətlər qiymətsizdir. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə ylğılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq quraqlıqdan korluq çəkir.Bir yanında şaxta iliyə işləyəndə o biri tərəfində kölgəliyə tələsirsən.Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir.

Öz fünkar, ecazkar təbiəti ilə seçilən turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”, “Xəyal”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. “Xəyal” istirahət mərkəzinin öz xüsusi heyranedici mənzərəsi var. Vazaru çayının axar istiqamətində və çayın üstünə gölgə salan meşənin sərv çinar ağaçları turistlərin həyat məkanına çevrilib. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Bundan başqa rayonun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.