Yaxın mədəniyyət müəssisələri

Lənkəran Gənclər Mərkəzi

Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir. Diqqətə çatdırıldı ki, mərkəzin foyesində gənclərə daim diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın birinci mərtəbəsindəki şahmat və internet otaqları bütün lazımı avadanlıqlarla təchiz olunmuşdur. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bundan başqa, mərkəzdəki 3D formatlı kino klubu da orijinallığı ilə diqqəti cəlb edir. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılmış və 3D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcəkdir. Bildirildi ki, binanın ikinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotogüşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərəcək əyləncə mərkəzində müxtəlif oyun aparatları quraşdırılmışdır. Burada yaradılmış atıcılıq salonu ən müasir avadanlıqla təchiz olunmuşdur. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı ,150 yerlik açıq zal fəaliyyət göstərəcəkdir.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi 3 mərtəbədən, 12 otaqdan ibarətdir. Muzey hazırda tarixi abidə olan və 1913-cü ildə inşa edilmiş Mir Əhməd Xanın evində yerləşir. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6500 çox eksponat vardır. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılmışdır. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılmış və 2015-ci ilin aprel ayında başa çatdırılmışdır. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muzeyin yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.