Ümumilikdə muzeyin əsəs fondunda Ulu Öndərin həyat və fəaliyyəti ilə, Prezident cənab İlham Əliyevin Lənkəran səfərlər ilə, Azərbaycanın tarixi ilə bağlı 500-dən artıq eksponat vardır.

Muzeydə fotolardan ibarət 12 adda stendlər gələn qonaqların istifadəsinə verilmişdir. Bu stendlərdə 150-dən artıq eksponat nümayiş etdirilir. Burada dahi şəxsiyyətin uşaqlıq, tələbəlik və gənclik illəri, 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrlər, Sovet dövründə gördüyü işlər, prezidentlik dövrü, Lənkəran səfərləri və Prezident cənab İlham Əliyevin Lənkəran səfərləri ilə bağlı fotoşəkillər, Afaq Kərimovanın və İsmayıl İsmayılovun çəkdiyi rəsm əsərləri, Natiq Əliyevin hazırladığı büst, Heydər Əliyevin şəxsi arxivindən götürülmüş sənədlər cəmlənmişdir.

Birinci rəsm əsəri Heydər Əliyev Fondunda hazırlanmışdır. Əsərin Müəllifi Afaq Kərimovadır. Əsər “Heydər Əliyev və Azərbaycan”adlanır. Əsər iki hissədən ibarətdir: xalça və batika. Əsər ipək üzərində zəfəran sularıyla hazırlanmışdır. Əsərdə Heydər Əliyevin portreti, dövlət xadimlərindən Mstislav Rostropoviçin, Madlin Ollbraytın, Corc Buşun, İnsan Doğramacın, Vladimir Putinin, Süleyman Dəmirəlin Heydər Əliyev haqqında dedikləri sözlər və Heydər Əliyevin nəvəsi Leyla Əliyevanın “Mənim babam” şeirinin bir bəndi həkk olunmuşdur. Həmçinin Heydər Əliyevin gördüyü işlər və çox sevdiyi qızılgüllər əsərdə təsvir olunmuşdur. Əsərin aşağı hissəsində Prezident İlham Əliyevin dediyi sözləri həkk olunmuşdur: “ Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əhatə edən 6 adda stend yerləşdirilmişdir.

1. Birinci stenddə Ulu Öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri yer almışdır.

Azərbaycanın böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitunun memarlıq fakültəsinə daxil olmuşdur, lakin ikinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komisarlığında və Xalq Komisarları Sovetində məsul vəzifəsində çalışmışdır.

1944-cü ildən Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında leytenant rütbəsində xidmət etməyə başlamış, Leninqradda və Moskvada xüsusi ali təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildən Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi Sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.

İkinci əsər İsmayıl İsmayılov tərəfindən yağlı boyalarla kətan üzərində çəkilmişdir. Əsərdə Azərbaycanın tarixi yerləri təsvir edilmişdir: İdman Olimpiya kompleksi, Respublika Sarayı, Neft buruqları, Hüseyn Cavid Məqbərəsi və Heydər Əliyevin çox sevdiyi İlandağ.

2. İkinci stenddə 1969-cu ildən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər yer almışdır.

1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Onun 70-80-cı illərdəki çoxillik məqsədyönlü və titanik fəaliyyəti nəticəsində Azərbaycanda sənaye və kənd təsərrüfatının strukturu köklü dərəcədə dəyişmiş, bir çox yeni zavodlar, fabriklər, elektrik stansiyaları tikilib işə salınmış, taxılçılıq, pambıqçılıq, üzümçülük inkişaf etdirilmişdir.

1969-1982-ci illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında böyük dönüş baş vermiş, bugünkü müstəqilliyimizin əsasını təşkil edən iqtisadi, siyasi, sosial, elmi, mədəni potensial yaranmışdır. Bu illər ərzində Azərbaycanda 1155 kitabxana, 1316 klub, 849 məktəb, 44 muzey, 656 səhiyyə ocağı istifadəyə verilmişdir. Ölkədə böyük nüfuz qazanmış Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı KP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmişdir.

3. Üçüncü stenddə Ulu Öndər Heydər Əliyevin sovet dövründə gördüyü işlər yer almışdır.

1982-ci ilin dekabr ayında Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, maşınqayırma və yüngül sənaye, nəqliyyat və rabitə, elm və səhiyyə, mədəniyyət və təhsil kimi mühüm sahələrə rəhbərlik etmiş Sovet dövlətinin bir çox mühüm əhəmiyyətli sənədlərinin işlənib hazırlanmasında fəallıq göstərmiş, görkəmli dövlət xadimləri ilə görüşlər keçirmişdir.

1987-ci ilin oktyabrında Sovet İttifaqı KP MK Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq Heydər Əliyev tutduğu vəzifədən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuşdur.

Muzeyin ekspozisiyasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü heykəltaraş Natiq Əliyev tərəfindən hazırlanmışdır. Büstün üzərində Heydər Əliyevin imzası vardır. Büstün arxasında Dünya xəritəsi və səkkizgüşəli ulduz yerlşir. Səkkizgüşli ulduz xəritdə Azərbaycanın yerləşdiyi hissəni göstərir.

4. Dördüncü stenddə Ulu Öndər Heydər Əliyevin prezidentlik dövrü yer almışdır.

1993-1998-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu dövrdə Azərbaycanın əldə etdiyi bütün uğurlar və nailiyyətlər məhz onun adı ilə bağlıdır. Heydər Əliyev Müstəqil Azərbaycan dövlətini yaratdı, onun daimi, dönməz və əbədi olması üçün möhtəşəm bir proqram hazırladı, dövlətçilik ənənələrini formalaşdırdı və ölkənin gələcək inkişafı üçün İlham Əliyev kimi ləyaqətli davamçı, müasir siyasətçi yetişdirdi.

Müasir neftçixarma və emal sənayesinin yüksəlişi və Xəzər neftinin qısa bir müddətdə dünya bazarına çıxarılması üçün möhkəm təməl hələ Heydər Əliyevin birinci dəfə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ölkəmizin dövlət müstəqilliyi qazanması ən qiymətli sərvət sayılan neftin də xalqın mənafeyi naminə işlədilməsinə şərait yaratmış, Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla həyata keçirilmişdir.

5. Beşinci stenddə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda gördüyü işlər yer almışdır.

Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərdə hərb sənətinə marağın oyadılması, minlərlə gəncin ölkənin qabaqcıl ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği xalqın müqəddəratı ilə birbaşa bağlı olan, milli maraqlarımıza cavab verən tarixi nailiyyət idi.

Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təməlini hələ totalitar idarəetmə sisteminin hakim olduğu illərdə böyük ustalıqla qoyan Heydər Əliyev, 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra qısa bir vaxt ərzində ordu quruculuğu kimi çox mühüm və mürəkkəb bir vəzifəni uğurla yerinə yetirməyə, Azərbaycan ordusunu yenidən elmi-nəzəri əsaslar üzərində qurmağa müvəffəq oldu.

Üçüncü əsər İsmayıl İsmayılov tərəfindən yağlı boyalarla kətan üzərində çəkilmişdir. Əsər Heydər Əliyev və Lənkəran adlanır. Əsərin mərkəzində Heydər Əliyevin portreti, Xan evi kimi tanıdığımız Tarix-Diyarşünaslıq muzeyi, Müalicəvi diaqnostika Mərkəzi,General-mayor Həzi Aslanovun heykəli və Lənkəran mehmanxanası təsvir olunmuşdur.

6. Altıncı stenddə Ulu Öndər Heydər Əliyevin Lənkəran səfərləri yer almışdır.

Xalqın müdrik oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev ümumilikdə 6 dəfə Lənkəranda olmuşdur. 30 mart 1973-cü ildə, 15-16 yanvar 1974-cü ildə, 28 dekabr 1976-cı ildə, 8 dekabr 1979-cu ildə, 30 iyun 1982-ci ildə və 5 oktyabr 1998-ci ildə. Onun hər bir gəlişi əsl bayrama çevrilirdi. Lənkəranlılar böyük sevinclə, sonsuz məhəbbət və ehtiramla Heydər Əliyevi qarşılayır, onun gəlişindən fərəhlənir və qürur hissi keçirirdilər. Ölkə başçısının rayonun fəalları, ağsaqqalları, ziyalıları, zəhmət adamları və gəncləri ilə görüşləri, söhbətləri, tövsiyə və tapşırıqları zaman keçdikcə unudulmur, gözəl xatirələrə çevrilir.

Bütün həyatını, istedad və bacarığını canından da artıq sevdiyi Azərbaycana həsr edən Heydər Əliyev ölkəmizin uğurlu sabahı üçün mükəmməl zəmin yaradıb. Bu sabahı tezləşdirməyi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün müqəddəs vəzifəsi hesab edir.

Növbəti 6 stendimiz Cənab Prezident İlham Əliyevin Lənkəran səfərlərini əhatə edir.

7- ci stend. 2003-cü ildə “Lənkəran mehmanxanasının açılışı” ,” Lənkəran Vita MMC” –nin açılışı ,”YAP Lənkəran şəhər təşkilatı qərargah binası” -nın açılışında iştirak etmişdir. 2004-cü il nоyabrın 9-da Lənkəran şəhərinə gəlmiş, N.B.Vəzirоv adına Lənkəran Dövlət Dram Teatrının əsaslı təmirdən sоnra açılışında iştirak etmiş, burada aparılan yüksək səviyyəli təmir-bərpa işlərindən razılığını bildirmiş, xidməti оtaqlarla, tamaşa salоnu ilə tanış оlmuş, teatrın yaradıcı kоllektivi ilə görüşərək səmimi söhbət etmiş, оnlarla xatirə şəkli çəkdirmiş, sоnra teatrın qarşısındakı meydanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmiş, Lənkəran şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yaşayış binasının tikintisi ilə tanış оlmuşdur. 2005-ci il sentyabrın 8-də Lənkəran şəhərinə gəlmiş, Ümummilli Lider Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak və çıxış etmiş, mərasimdən sоnra yerli sakinlərlə görüşüb hal-əhval tutmuş, оnların prоblemləri ilə maraqlanmış, Müalicə-Diaqnоstika Mərkəzinin təməlqоyma mərasimində iştirak etmiş, Lənkəran aerоpоrtunun sərnişin terminalının təməl daşını qоymuş, «Xəzər-Lənkəran» futbоl klubunun yeni stadiоnunda tikinti işlərinin gedişi ilə tanış оlmuş, Hirkan Milli Parkının açılış mərasimində iştirak etmişdir. 2006-cı il fevralın 3-də Lənkəran şəhərinə gəlmiş, Müalicə-Diaqnоstika Mərkəzində aparılan tikinti işləri ilə tanış оlmuş, ictimaiyyətin nümayəndələri qarşısında çıxış etmiş, Göyşaban dairəsində Xalq Sənətkarlığı şəhərciyində gedən işlərlə maraqlanmışdır. 2006-cı il avqustun 11-də Lənkəran şəhərinə gəlmiş, Heydər Əliyev Xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, parkda aparılan yenidənqurma işləri ilə tanış оlmuş, Heydər Əliyev xatirə muzeyinin tikintisi ilə maraqlanmış, iki dəfə Sоvet Ittifaqı Qəhrəmanı, general-mayоr Həzi Aslanоvun adını daşıyan parkda оlmuş, görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri qоymuş, Müalicə-Diaqnоstika Mərkəzinin, Tikiş fabrikinin, Sahil parkının, Xalq Sənətkarlığı şəhərciyinin, «Xəzər-Lənkəran» futbоl klubunun yeni stadiоnunun açılış mərasimlərində iştirak etmiş, Süd emalı zavоdunda, Hava limanında aparılan tikinti işləri ilə, О.Mirzəyev adına qarışıq tipli uşaq evində aparılan təmir işləri ilə tanış оlmuşdur.2008-ci il оktyabrın 8-də Lənkəran şəhərinə gəlmiş, Heydər Əliyev Muzeyinin, Səpnəkəran kənd оrta məktəbinin, Lənkəran Beynəlxalq Hava Limanının, Lənkəran Uşaq Sağlamlıq Mərkəzinin, «Cənub TV» kanalının yeni binasının, «Qafqaz Sahil» hоtelinin açılışlarında iştirak etmiş, «Nur-Süd» MMC-yə məxsus süd məhsulları zavоdu ilə, tamamilə yenidən qurulmuş Qala xiyabanı ilə tanış оlmuş, ictimaiyyət nümayəndələri ilə görüşmüş və nitq söyləmişdir. 2010-cu il iyunun 25-də Lənkəran şəhərinə gəlmiş, Sütəmurdоv kəndində Kоnserv zavоdunun və Çay fabrikinin, «Palmali Hоldinq» şirkətlər qrupuna daxil оlan «Palfооd» MMC-nin dоndurma fabrikinin, Liman şəhəri ərazisində əsaslı yenidənqurma işlərindən sоnra istifadəyə verilən Regiоnal Bоks Təlim Mərkəzinin açılışlarında iştirak etmiş, ictimaiyyət nümayəndələri ilə görüşmüş və оnların qarşısında çıxış etmişdir.

8-ci stend. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2012-ci il iyulun 31-də Lənkəran şəhərinə gəlmiş, yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə, Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir edilən Lənkəran sərhəd dəstəsi qarnizonunun binası ilə tanış olmuş, Gənclər Mərkəzinin təməlqoyma, Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlqoyma mərasimlərində iştirak etmiş, Bayram Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

9-cu stend. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 5-də Lənkəran şəhərinə gəlmiş, Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimində, Gənclər Mərkəzinin, Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmiş, Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuş,qəbul imtahanlarında yüksək bal toplamış bir qrup Cənub bölgəsindən olan gənclərlə görüşmüşdür.

10-cu stend. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci il aprelin 11-də Lənkəran şəhərinə gəlmiş, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə, əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə, yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı ilə tanış olmuş, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun və yeni inşa olunan uşaq bağçasının açılışında iştirak etmişdir.

Bildiyimiz kimi 2015-ci ildə Azərbaycanda Avropa oyunları keçirildi, bunun da əsas simvolu məşəl idi. Bu məşəl Naxçıvan Muxtar Respublikasından sonra rayonlar üzrə ilk dəfə Lənkərana gətirilir və oyunlar bitənə qədər burada alovlandırılır, sonra isə muzeyimizə təqdim olunur.

11-ci stend. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2017-ci il sentyabrın 2-də Lənkəran şəhərinə gəlmiş, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin, “Xəzər Palace” otel kompleksinin açılışında iştirak etmiş, “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxış keçirib və çəltik zavodunun açılışında iştirak etmişdir, “Astaraçay” MMC-nin plantasiyalarına baxmış və “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

12-ci stend. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci il oktyabrın 15-də Lənkəran şəhərinə səfərə gəlmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Səfər çərçivəsində Prezident Lənkəran Olimpiya İdman Kompleksinin açılışında, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak etmişdir. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İstisu və Sağlamlıq Mərkəzində görülən işlərlə tanış olmuşdur.