Şəhər haqqında məlumat

LənkəranAzərbaycan Respublikasının cənub bölgəsində şəhər. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.

Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı «Cənub mirvarisi, qızıl Lənkəran» adlandırırlar. Yamyaşıl meşələr, baş-başa vermiş dağlar, mavi Xəzər təbiətin Lənkərana bəxşişidir. Seyrindən doymadığımız Hirkan Milli Parki və Qızılağac qoruğu, buz bulaqlar, İstisu qaynar bulaqları onun inciləridir. Bu dilbər güşə rayonun icra başçısının rəhbərliyi və lənkəranlıların zəhməti ilə daha da abadlaşir, gözəlləşir. Bu gözəllikləri isə ancaq görmək, duymaq, yaşamaq lazımdır.

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 1539 km2-dir. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir.

Gerb

Lənkəran şəhərinin gerbi

Lənkəran şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.

Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspivilayətinin gerbindəki təsvirlərin eynidir: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Aşağıdakı üçüncü yaşıl sahəsində təsvir olunan gümüş sandıq bolluq-bərəkət rəmzidir. Sandığın hər iki tərəfində qıvrılan ilan rəsmi Muğan düzündə ilanların çox olmasından xəbər verirdi.