“Mədəniyyət cəmiyyətin güzgüsü kimi” mövzusunda növbəti mühazirə keçirilib

“Mədəniyyət cəmiyyətin güzgüsü kimi” mövzusunda növbəti mühazirə keçirilib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq, mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini, o cümlədən, müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı və açıq mühazirələr təqdim etməyə davam edir.

Belə ki, 10 iyul 2020-ci il tarixində Mərkəzin direktoru Asif Usubəliyevin Mədəniyyət strategiyaları silsiləsindən “Mədəniyyət cəmiyyətin güzgüsü kimi” mövzusunda növbəti mühazirə keçirilib. Mühazirədə Mərkəzin əməkdaşları ilə yanaşı, 50-dən çox şəhər və regionlarda mövcud olan mədəniyyət müəssisələrinin əməkdaşları və digər gənc mədəniyyət işçiləri iştirak ediblər.

Onlayn mühazirədə A.Usubəliyev cəmiyyətin mədəniyyətə yeni yanaşmaları, müasir forma və üsullar prizmasından baxılma yolları, sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzulara toxunmuşdur. Mədəniyyət siyasətindən danışaraq, direktor mövcud problemlərin həllində birgə əməkdaşlığın qurulmasının və vahid mədəniyyət strategiyasının vacibliyini vurğulamışdır. Mərkəz olaraq, hər zaman təşəbbüsləri dəstəklədiyini, müəssisələr arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirmiş, fəaliyyətimizdə müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd etmiş, gənc kadrların sahəyə cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Mühazirədə mədəniyyət işçiləri ilə yanaşı, Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdirləri Sənan Talıbov, Nurəddin Babazadə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova (Təhmirazqızı), sektor müdiri Pakizə Almazova, həmçinin Kürdəmir rayonundan mədəniyyət işçisi Xəyyam Məlikov və digərləri mövzu ilə bağlı çıxış ediblər.