22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib

22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib

22 iyul 2021-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin və Kürdəmir rayon MKS-nin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Heydər Əliyev mərkəzinin əməkdaşları, Kürdəmir rayon MKS-nin direktoru İradə Mahmudova və Kürdəmir rayon MKS-nin əməkdaşları və Beyləqan rayon Heydər Əliyev mərkəzinin işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova açaraq Milli Mətbuat gününün tarixi haqqında məlumat verib. O bildirib ki, 1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşr olunan "Əkinçi" qəzetinin yaradılması ilə Azərbaycanda milli mətbuat tarixinin əsası qoyuldu və bu gün milli mətbuatın yaradılmasının 146-cı ildönümüdür. Cəmi 56 sayı işıq üzü görən "Əkinçi" qəzetinin xalqımızın milli birliyinin möhkəmlənməsində, milli oyanışında əvəzsiz xidmətləri olub. "Əkinçi" qəzetinin ardınca “Ziya”, “Kəşkül”, "Kaspi” kimi qəzetlər də milli mətbuatın inkişafına öz töhfələrini veriblər. "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1998- ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının verilməsi nəticəsində kütləvi informasiya vasitələri üzərindəki senzura ləğv edilib.

Kürdəmir rayon MKS-nin direktoru İradə Mahmudova öz çıxışında bildirmişdir ki, mətbuat cəmiyyətin aparıcı ictimai institutlarından biridir. Ölkəmizdə milli mətbuatın davamlı inkişafının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi ilə bağlı idi. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan milli mətbuatı qabaqcıl ideyaların carçısı, dövrün ictimai-siyasi həyatının güzgüsü olmuşdur. Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından danışarkən azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər Ulu Öndər Heydər Əliyevin azad sözə verdiyi qiymətin təzahürüdür.

Kürdəmir rayon MKS-nin uşaq şöbəsi üzrə direktor müavini Xatirə Soltanova çıxış edərək bildirmişdir ki, bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir.

Kürdəmir rayon MKS-nin şöbə müdiri Nuranə Gülalıyeva çıxış edərək bildirmişdir ki, Ölkəmizdə mətbuat və söz plüralizmi təmin olunur. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb.

Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik ,müstəqil KİV –lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ötən 18 ildə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilmişdir. Bütün bunlar azad medianın

inkişaf etdirilməsinə,mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.