"22 iyul -Milli Mətbuat günüdür" onlayn mühazirə

"22 iyul -Milli Mətbuat günüdür" onlayn mühazirə

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və Informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir.

Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra, hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlandı.

Ümummilli liderimiz ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Dahi şəxsiyyətin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycanda bu sahənin inkişafı, müstəqil mətbuatın uğurlu fəaliyyəti, mətbuatın texniki imkanlarının yaxşılaşdırılması, nəşriyyatların müasir avadanlıqlarla təmin edilməsi üçün dövlət səviyyəsində çox mühüm tədbirlər reallaşdırılıb. Söz azadlığının geniş şəkildə təsbit edilməsi üçün 1998-ci ilin avqust ayının 6-da ulu öndərimiz Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın aradan qaldırılması kimi mühüm hadisə baş verib. Həmçinin, 1999-cu ildə "KİV haqqında" Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.

Ötən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.

Ölkəmizdə mətbuat və söz plüralizmi təmin olunur. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb.

Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik ,müstəqil KİV –lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ötən 18 ildə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilmişdir. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə,mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.

Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşmışdır.

Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən islahatlar respublikamızda uğurla davam etdirilir.

Video link

https://youtu.be/YXAHp9GsEuk