"Azərbaycan polisinin şanlı tarixi" adlı tədbir keçirilib

"Azərbaycan polisinin şanlı  tarixi" adlı tədbir keçirilib

02 iyul 2021-ci il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Polis gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı əvəzi Ağəli Kərimli, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Kürdəmir rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arzu Rzayev və polis əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Düriyə Seyidova açaraq bildirmişdir ki, iyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Tədbirdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arzu Rzayev çıxış edərək bildirdi ki,. bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.