"2021 ci il Nizami Gəncəvi ilidir" onlayn mühazirə

"2021 ci il Nizami Gəncəvi ilidir" onlayn mühazirə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sisteminə daxil olan mədəniyyət müəssisələrində böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi haqqında Sərəncam bəşəri əhəmiyyət kəsb edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Heydər Əliyev illər əvvəl deyib: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Ulu Öndərin deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
Məhz bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır.
Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Azərbaycanda Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Bundan əlavə, Nizami Gəncəvinin yubileyləri Azərbaycanda hər zaman təntənə ilə keçirilib. Məlumatlarda dahi şairin 800 illik yubileyinin onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratdığı deyilir. Eyni zamanda, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyi, dahi öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı qeyd edilib.

Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən və Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Gəncə şəhərində 1141-ci ildə dünyaya gələn Nizami Gəncəvi Şərq intibahının ən böyük nümayəndələrindən biridir. Şair 5 poemadan ibarət "Xəmsə"si ilə sənət salnaməsi yaradıb. Böyük ədəbiyyat məktəbinin əsasını qoyan Nizami Gəncəvinin əsərləri nadir poetik yenilikləri və universal mövzuları ilə sərhədləri aşaraq, yaxın-uzaq ölkələrin ədəbiyyatına təsir göstərib. Dahi Nizami təkcə poetik istedadı ilə deyil, həm də dərin zəkası ilə fərqlənib.Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. Şairin Azərbaycanın bir çox şəhəri ilə yanaşı, Moskva, Sankt-Peterburq, Roma, Kiyev, Pekin, Daşkənd və Kişineuda abidələri var.

https://youtu.be/Cir9rjdLxzcN