"Heydər Əliyev və Azərbaycan polisi" onlayn mühazirə

"Heydər Əliyev və Azərbaycan polisi" onlayn mühazirə

Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır.

HEYDƏR ƏLİYEV

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.

Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı imzalamaqla dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin ehtiyaclarından irəli gəlirdi. Əslində bu, eləcə də digər normativ aktların və hüquqi sənədlərin qəbulu 1994-1996-cı illərdə dövlətə qarşı cinayətkar qəsdlərlə üzləşən Azərbaycan cəmiyyətinin və Azərbaycan vətəndaşının sosial sifarişinin nəticəsi idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.

Beləliklə, bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

https://youtu.be/zMo7MNCvR-Q