Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Bu planın davamı olaraq Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları, bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min nəfər itkin düşmüşdür. Ermənistan –Azərbaycan müharibəsində Kürdəmir rayonu da 121 nəfər şəhid vermişdir. İki nəfər isə döyüşlərdə qəhrəmanlıq göstərərək Azərbaycanın Mili Qəhrəmanı adına layiq görülmüşdür.

Quliyev Zabit Adil oğlu .

6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirib. Bir müddət doğma kəndlərində təsərrüfat işləri ilə məşğul olmuş, mexanizator kimi əkin-biçində yaxından iştirak etmişdir. Zəhmətkeş bir ailədə böyüdüyünə görə, onun üçün çətin iş yox idi.

Zabit 1993-cü ilin sentyabrında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmış və birbaşa döyüş bölgəsinə göndərilmişdir. O, özünü cəsur bir əsgər və bacarıqlı döyüşçü kimi göstərirdi.

Z. Quliyev Füzuli, Ağdam, Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, ölüm-dirim məqamlarında belə öz sayıqlığını, mətinliyini və soyuqqanlılığını itirməmiş, sərrast atəşlə düşmənin ağır döyüş texnikasını sıradan çıxararaq, neçə-neçə hücumun qarşısının alınmasında yüksək döyüş məharəti göstərmişdir.Təkcə Seysulan kəndində gedən ağır döyüşlər zamanı o, düşmənin 4 tankını vurmuşdur.

Qəddar və məkrli ermənilər tərəfindən cəlb edildiyimiz müharibənin bütün ağrı-acılarını o da qeyrətli Vətən övladları ilə birgə yaşamışdır.Qismətinə düşən bu sarsıntılı, məşəqqətli günlərdən, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxmış, özünü mahir atıcı kimi tanıtmışdır. Onun həyat yolu gənclərimiz üçün bir örnəkdir, qəhrəmanlıq məktəbidir.

Ailəlidir. Bir övlad atasıdır.

Nuruyev Enur Eyvaz oğlu

NURİYEV Elnur Eyvaz oğlu - 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində dünyaya göz açmışdır. 1982-ci ildə burada birinci sinfə getmişdir. 1992-ci ildə orta məktəbi bitirərək sənədlərini Bakı Ali Hərbi Komandirlər Məktəbinə vermiş, lakin daxil ola bilməmişdir. 1993-cü ilin oktyabr ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Elnur qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra, erməni işğalçılarına qaşrı döyüşlərdə iştirak etmək üçün Füzuli döyüş bölgəsinə göndərilmişdir. O, minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərəfədə Tərtər bölgəsində vəziyyət xeyli ağırlaşmışdı. Erməni hərbi qüvvələri əks-hücuma keçərək, rayonun bir neçə kəndini ələ keçirmişdilər. E. Nuriyevin xidmət etdiyi hərbi hissəni həmin bölgəyə köməyə göndərdilər. Qapanlı, Seysulan kəndlərinin düşməndən azad edilməsində o, döyüş əzmkarlığı nümayiş etdirərək, şücaət göstərmişdir.

1994-cü ilin sentyabr ayında onu Gəncə şəhərinə göndərdilər. Burada o, 1994-cü il 4-5 oktyabr hadisələrində – Gəncə qiyamının yatırılmasında iştirak etdi və döyüş tapşırığını yerinə yetirərkən həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kürdəmir şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.