Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Kürdəmir rayon Heydər Əliyev Mərkəzi 06 oktyabr 2005-ci ildən Heydər Əliyev Muzeyi kimi fəaliyyətə başlamışdır. Muzeyin açılışında ölkə prezidenti cənab İlham Əliyev və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 24 yanvar 2012-ci il tarixli 19 №li əmri ilə Heydər Əliyev Muzeyi 01 fevral 2012-ci il tarixindən Heydər Əliyev Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin yenidən qurulmasından sonra 7 avqust 2013-cü ildə yenidən daha geniş istiqamətdə fəaliyyət göstərməyə başlamışdır. Restavrasiyadan sonra mərkəzin ərazisi genişləndirilərək 2539 kv.m olmuş, dərnəklər və digər qrupların fəaliyyəti üçün 19 otaq, 300 nəfərlik konfrans zalı, dəyirmi masa əhalinin istifadəsinə verilmişdir. Mərkəzin binası üç mərtəbəlidir. Restavrasiyadan sonra mərkəzdə dərnək və kursların daha geniş fəaliyyəti üçün şərait yaradılmışdır. Dərnək otaqları müasir avadanlıqlarla təchiz edilmişdir. Mərkəzdə kompüter və xarici dil kursu, milli rəqs, rəsm, poeziya, toxuma və tikmə dərnəkləri vardır. Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Muzeydə 12 lövhədə 215 ədəd eksponat nümayiş olunur. Muzeydə ümumilikdə 507 ədəd eksponat vardır.

Mərkəzdə 15 nəfərdən ibarət tədqiqat qrupu, 13 nəfərdən ibarət təşviqat qrupu fəaliyyət göstərir. Tədqiqat qrupu Heydər Əliyev haqqında materialların və məlumatların toplanmasında mərkəzin fəaliyyətinə yaxından kömək edir. Təşviqat qrupu isə vaxtaşırı olaraq ayrı-ayrı idarə, müəssisələrdə, uzaq kəndlərdə prezident İlham Əliyevin xaricə səfərləri, çıxışları, fərman və sərəncamları, dövlətin yürütdüyü daxili və xarici siyasət, həmçinin rayonumuzda gedən quruculuq və abadlıq işləri haqqında məlumat verir, seçkilər dövründə əhali arasında təşviqat işlərində yaxından iştirak edərək seçki kompaniyasının müvəffəqiyyətli keçirilməsində öz xidmətlərini göstərir.

Mərkəzdə “Heydər Əliyev” kitabxanası müxtəlif yaş qrupundan olan insanlara xidmət göstərir. Həmçinin mərkəzin Heydər Əliyev kitabxanasında Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında müxtəlif adda kitablar, dövri nəşrlər, Azərbaycan tarixi, Azərbaycanın tarixi şəxsiyyətləri, Azərbaycan xalqının adət-ənənələri haqqında materiallar toplanmışdır.

2014-ci ilin may ayından başlayaraq gənclərin nikahlarının rəsmiləşdirilməsi üçün mərkəzdə nikah otağı yaradılmışdır. Vaxtaşırı olaraq gənclərin nikahları Heydər Əliyev Mərkəzində rəsmiləşdirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin əmri ilə Kürdəmir rayon MKS- nin 1 № li filialı 2016-cı ildə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə köçürülmüşdür ki, bu da gənclərin mərkəzlə əlaqəsinə və oxuculara daha səmərəli xidmət göstərməkdə öz müsbət nəticəsini göstərmişdir.