Sumqayıt Regional Mədəniyyət İdarəsi cari ilə yekun vurub

Sumqayıt Regional Mədəniyyət İdarəsi cari ilə yekun vurub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin onlayn formatda keçirdiyi müşavirədə cari ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub. İclasda İdarənin əməkdaşları və tabe müəssisələrin rəhbərləri iştirak ediblər.

İdarənin rəisi Rəşad Əliyev 2020-ci ili müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib. Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edilib, xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb deyən R. Əliyev rəşadətli Ordumuzun döyüş meydanında böyük şücaət göstərərək Ermənistana məxsus texnikaları məhv etməklə, bir çox texnikanı qənimət kimi ələ keçirməklə, habelə erməni hərbi qulluqçularını əsir götürməklə işğalçı ölkənin ordusunu darmadağın edərək xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb.

Rəşad Əliyev idarənin və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin cari ildə bütün dünyanı cənginə alan COVID-19 pandemiyasının yaratdığı yeni reallığa uyğun həyata keçirildiyini qeyd edib. Belə ki, 2020–ci ilin müvafiq planına uyğun olaraq tərtib edilən çoxsaylı tədbirlər onlayn formatda reallaşıb, sosial şəbəkələrdə və digər internet platformalarda müxtəlif müsabiqələr, konsertlər, sərgilər, vebinarlar, master-klaslar, yubiley görüşləri və digər uğurlu layihələr keçirilib.

İl ərzində görülən işlərdən danışan idarə rəisi bildirib ki, 74 mədəniyyət müəssisəsi 1044 dəfə dezinfeksiya edilib, sosial dəstəyə ehtiyacı olan 352 şəxsə yardım göstərilib.

O, hələlik fəaliyyəti karantin rejiminə uyğun onlayn formatda davam etdirməyə, hər bir müəssissə rəhbərini yeni reallığın tələblərinə uyğunlaşmağa - təşəbbüskar, kreativ ideyalarla çıxış edən, tapşırıqlara, tələblərə operativ yanaşmağa çağırıb.

Müşavirədə idarənin 2020-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra idarəyə tabe müəssisə rəhbərləri 2020-ci ilin yekunları ilə bağlı hesabat məruzəsi ətrafında çıxış ediblər. Abşeron rayonu üzrə baş məsləhətçi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Sumqayıt şəhər Ə.Bakıxanov adına 1№-li Uşaq musiqi məktəbinin direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov və digərləri rəhbərlik etdikləri müəssisələrin fəaliyyətindən, mövcud problemlərdən bəhs ediblər. Müəssisələrin virtual fəaliyyəti ilə bağlı maraqlı təkliflər səsləndirilib. Çıxışlarda 2019-2020-ci tədris ilində musiqi və incəsənət məktəblərini müvəffəqiyyətlə bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbul faizinin yüksək olduğu diqqətə çatdırılıb.

Müşavirə 2021-ci ildə görüləcək işlərin müzakirəsi ilə davam edib. Qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.