Heydər Əliyev və Xızı

Ümummilli liderimiz Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşmışdır. Bu insanlardan biri də dahi dramaturq Cəfər Cabbarlıdır. Cəfər Cabbarlı ədəbi irsini yüksək qiymətləndirən ulu öndərimiz böyük dramaturqun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə sərəncam imzalamış, bu sərəncamların dövlət səviyyəsində həyata keçirilməsinə şəxsən nəzarət etmişdir.

Azərbaycanda 1982-ci il martın 22-i “Cəfər Cabbarlı günü” də sayıla bilər. Məhz həmin gün Bakı şəhərində ədibin möhtəşəm abidəsinin və ev-muzeyinin açılışı olmuş, təntənəli yubiley gecəsi keçirilmişdir. Abidənin ucaldılmasının da, muzeyin yaradılmasının da, yubileyin keçirilməsinin də təşəbbüsçüsü Heydər Əliyev idi və o özü bu mərasimlərdə iştirak edirdi.

Cəfər Cabbarlı ədəbi irsi Azərbaycan kino sənətinin təşəkkülü, dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cəfər Cabbarlının adı ilə bağlıdı.

Heydər Əliyev...

Ayrı-ayrı şəxsiyyətlərə abidələr ucaldılması, onların yubileylərinin yüksək səviyyədə keçirilməsi və bu tədbirlərdə Heydər Əlyev cənablarının şəxsən iştirakı onun mədəniyyətimizə tükənməz məhəbbət və qayğısının ifadəsidir. Məhz onun təşəbbüsü ilə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin ev-muzeyləri yaradılmış və bu muzeylər mədəni irsimizin toplandığı və qorunduğu müqəddəs yerlərə çevrilmişdir.

Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndərimiz Heydər Əliyev cənablarının fəaliyyətində xüsusi yer tuturdu. Heydər Əliyev bu muzeylərin açılışında şəxsən iştirak etmiş, sonradan bu müəssisələrin bəzilərini yenidən ziyarət etmişdi. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsidir. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin-mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir.



Cəfər Cabbarlı abidəsinin təntənəli açılışında çıxış edən Heydər Əliyev Cabbarlı sənətinin əlamətdar cəhətlərini, onun ədəbiyyatımızın inkişafındakı rolunu və mövqeyini aydınlaşdırdı. Onun Cabbarlı yaradıcılığı barədə mülahizələri həmişə müasirdir və öz təravətini saxlayır.

...Şəxsiyyəti dövr, zaman yetişdirir. Lakin şəxsiyyət də dövrün, zamanın ən mühüm xüsusiyyətlərini ifadə edərək onu səciyyələndirir. Cəfər Cabbarlı məhz belə xadim idi, o, yeni həyat yaradılmasının mürəkkəb, çətin, lakin müzəffər prosesini öz istedadının bütün qüdrəti ilə əks etdirmişdir, əsərlərində öz dövrünün fəlsəfəsini və psixologiyasını, dövrlər arasındakı qırılmaz əlaqəni, xalqın tarixi müqəddəratının rəşadətli səhifəsini açıb göstərmişdir.

Şair, nasir və dramaturq Cabbarlının yaradıcılığı çoxşaxəlidir. Onun gördüyü işlər- sözün əsil mənasında, yorulmaz əmək fədaisinin hünəridir. O, müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur, bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir. Azərbaycan xalqının və Sovet ölkəsindəki bir çox başqa xalqların teatr mədəniyyətini zənginləşdirən qiymətli töhfələr vermişdir. Bizim bütün müasir dram sənətimiz müəyyən mənada Cabbarlı teatrının bəhrəsidir. Mirzə Fətəli Axundovun və Cəlil Məmmədquluzadənin böyük ənənələrini inkişaf etdirib zənginləşdirən Cabbarlı teatr yaradıcılığının həqiqi novatoru olmuş, Azərbaycan səhnəsində bu gün də gözəl səmərə verən yeni ənənələrin əsasını qoymuşdur.

Azərbaycan kino sənətinin təşəkkülü, dram və opera səhnələrinin ən yaxçı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cəfər Cabbarlının adı ilə bağlıdır. Cabbarlının simasında Azərbaycan mədəniyyəti elə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat və sənət yalnız real həyatı əks etdirmək vasitəsi deyildi, həm də həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi...

Cabbarlının həyat yolu və yaradıcılıq taleyi heyrətamizdir. O, az yaşasa da, qoyub getdiyi zəngin ədəbi irs Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixində bütöv bir dövr təşkil edir.Cabbarlının ədəbi irsi xalqın qəlbində və şüurunda, müasirlərinin adlarında və əməllərində, yeni-yeni oxucu və tamaşaçı nəsillərinə sənətkarın mənəvi təsirinin zəifləmək bilməyən qüvvəsində yaşayır. Bax, budur görkəmli sənətkarın ölməzliyi!

1999-cu ildə ölkə başçısı Heydər Əliyev Azərbaycanın görkəmli dramaturqu, teatr və kino xadimi Cəfər Cabbarlının 100 illik yubleyinin dövlət səviyyəsində qeyd olunması barədə növbəti olaraq xüsusi sərəncam imzalamışdı. Bu sərəncama müvafiq olaraq Bakının və Azərbaycanın bir sıra rayonlarının teatrlarında ədibin əsərləri tamaşaya qoyuldu, kitabları nəşr olundu.

Qeyd olunmalıdır ki, ölməz yazıçı- dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi Azərbaycan dramaturgiyasının şah əsərlərindən biridir. Bu əsər milli teatrımızın inkişafında böyük rol oynamışdır. Pyesi dəfələrlə müxtəlif quruluşlarda tamaşaya qoymuş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 28 illik fasilədən sonra 2000-ci ildə yenidən bu pyesə müraciət emişdir. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mikayıl Mirzə, musiqi tərtibatçısı Cavanşir Quliyev, rəssamı Tahir Tahirovdur. Baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rasim Balayev, Məleykə Əsədova ifa etmişlər.

2000-ci ldə Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Aydın” pyesinə ulu öndərimiz şəxsən özü tamaşa etməyə gəlmişdi və tamaşadan sonra çıxış edərək C. Cabbarlı dramaturgiyası barədə, “Aydın” əsərinin yeni quruluşu haqqında fikirlərini teatrın yaradıcı heyəti və tamaşaçılarla bölüşmüşdü.

...Bu gün sizin tərəfinizdən xalqımıza, vətəndaşlarımıza təqdim olunan bu tamaşa bizim üçün iki cəhətdən əhəmiyyətlidir. Birincisi, bu tamaşa bizim böyük dramaturqumuz, yazıçımız, böyük mütəfəkkirimiz Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunubdur. İkincisi də bu gözəl teatrın və ümumiyyətlə Azərbaycanda dünyəvi teatrın yaranmasının 125 illiyinə həsr ounubdur. Bilirsiniz ki, bu məsələlərə xüsusi qiymət verərək və xüsusi hörmət göstərərək, Azərbaycan milli teatrının, dünyəvi teatrın yaranmasının 125 illiyi və böyük Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi münasibətilə mən xüsusi sərəncamlar imzalamışam. Bu yubiley mərasimləri, demək olar ki, 1998-1999-cu illərdən keçir. Çünki mən 1998-ci ildə teatr haqqında sərəncam imzalamışdım, 1999-cu ildə isə Cəfər Cabbarlının 100 illiyi haqqında sərəncam imzalamışdım. Yubiley tədbirləri keçir və keçəcəkdir. Çünki həm bizim teatrın yaranması, həm də Cəfər Cabbarlı kimi böyük bir şəxsiyyətimiz layiqdirlər ki, onların yubileyləri bir gündə yox, bir ildə yox, uzun müddətdə keçirilsin. Ona görə sizin bu gün təqdim etdiyiniz tamaşa bizim üçün qiymətlidir, xalqımız, vətəndaşlarımız üçün qiymətlidir.

Beləliklə, siz həm teatrımızın 125 illik yubileyinə öz töhfənizi verirsiniz, ikinci tərəfdən də Cəfər Cabbarlının 100 illiyinə öz töhfənizi verirsiniz və onun xatirəsinə öz hörmətinizi göstərirsiniz. Mən çox sevinirəm ki, bizim teatr 125 illik böyük yol keçərək bu gün də yüksək səviyyədədir.

... “Aydın” tamaşasını mən keçmiş zamanlarda da görmüşəm. Bizim böyük sənət ustalarımız Ələsgər Ələkbərovun,- gərək ki, o Fatma Qədri ilə birkikdə oynayırdı,-onların ifasında görmüşəm. Bu tamaşanı Bakı teatrında, həm də Naxçıvan teatrında görmüşəm.

Ümumiyyətlə Cəfər Cabbarlının bu pyesi Azərbaycanın bütün teatrsevərləri, sənətsevərləri üçün həmişə qiymətli,əziz olmuşdur,bu tamaşa həmişə sevinclə qarşılanmışdır. Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız. Bəlkə burada yenə mənim də bir az xidmətim var ki, mən Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə sərəncam imzaladım, siz də bu sərəncama cavab olaraq onun gözəl əsərlərindən birini hazırladınız və bu gün təqdim etdiniz.

Cəfər Cabbarlı haqqında çox danışmaq olar. Mən çox məmnunam ki, onun qızı Gülüş bu gün buradadır. Çoxdandır ki, mən onunla görüşməmişdim. Onu çox görmürəm. Sevinirəm ki, bu gün gördüm və yenə görüşəcəyik.

Cəfər Cabbarlı mədəniyyətimizin, ədəbiyyatımızın böyük, dahi insanlarından biridir. Təsadüfi deyil ki, - mənim xatirimdədir, - biz onun 80 illik yubileyini çox təntənəli keçirdik. Azərbaycanda, Bakının ən gözəl guşələrindən birində Cəfər Cabbarlının heykəlini ucaltdıq. Mən bu barədə danışmışam. İndi insanlar ayaqüstə durublar, mən istəmirəm vaxt alım, o heykəlin yaranma tarixi çoxlarına məlumdur. Çox xoşbəxtəm ki, onu mən yaratdım, onun yaradılması haqqında mən qərar qəbul etdim, heykəltəraş Mirqasimovun qarşısında duran bütün çətinlikləri həll etdim, o heykəli ucaltdıq. O da indi Azərbaycanda, Bakıda ən gözəl heykəllərdən biridir. Cəfər Cabbarlı qoyduğu böyük irsə görə buna layiqdir.

...Tamaşa çox dinamik keçdi, çox böyük enerji tələb edirdi, xüsusən baş rollarda oynayanlardan. Bilirəm ki, indi onlar yorulublar. Amma görürəm ki, o qədər də yorulmayıblar. Təbiidir ki, aktyor üçün rolunu istədiyi kimi ifa etmək hər şeydən üstündür. Onda onlar yorulmur, dincəlirlər. Hesab edirəm ki. Siz hamınız dincəlmisiniz, xüsusən baş rolları oynayanlar.

Mən sizin hamınızı təbrik edirəm, Sizə yeni-yeni sənət uğurları arzulayıram. Sağ olun.

Azərbaycan Prezidenti Heydər Əliyev səhnəyə qalxaraq “Aydın” tamaşasında iştirak edən aktyorlarla bir-bir görüşdü, onlarla birlikdə xatirə şəkli çəkdirdi.
Cəfər Cabbarlının qızı Gülara Cabbarlı atasının əsərlərinin toplusunu- “Mənim tanrım -gözəllik!” kitabınıı dövlətimizin başçısına hədiyyə etdi.

Azərbaycan xalqının böyük oğlu, milli mədəniyyətimizin və incəsənətimizin qoruyucusu və himayədarı Heydər Əliyev cənablarının işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.