BÖYÜK QƏLƏBƏNİN AHƏNGİ FÜZULİDƏ DUYULUR

BÖYÜK QƏLƏBƏNİN AHƏNGİ FÜZULİDƏ DUYULUR İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Azərbaycanın Zəfər missiyası məhz Füzuli rayonundan başlamışdır. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni vəhşiliyini öz gözləri ilə görürlər. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır. Türkan İsazadə