HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ
BÖYÜK ROL OYNADI

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ
BÖYÜK ROL OYNADI

Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. Bu, görüş sözün əsl mənasında qalibiyyətimizin təntənəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli səhifələrindən birini məhz burada həkk edib. “Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır” – bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoymaqla Azərbaycan xalqının özünün milli və dini dəyərlərinə hər zaman xüsusi ehtiramla yanaşdığını bir daha təsdiq edib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həqiqətən də möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Erməni işğalı dövründə tamamilə dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimiz, qəsəbə və kəndlərimiz yenidən qurulur, bu torpaqlara həyat təkrar qayıdır. Artıq məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində yeni salınan kəndlər ən müasir texnologiyaların tətbiqi ilə qurulacaq. Ağıllı kənd və qəsəbələr artıq sadəcə bir layihə deyil, kommunikasiya və infrastrukturları qurulan, gerçək simaları sürətlə formalaşdırılan real yaşayış məskənləridir. Əlbəttə ki, bu ərazilər tezliklə məskunlaşdırılacaq, insanlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycan xalqı yeniliyə, müasirliyə açıq olduğu qədər öz tarixinə, adət-ənənələrinə, milli və dini dəyərlərinə də son dərəcə bağlılığı ilə seçilən bir xalqdır.
Qarabağın azad edilməsində Hadrut əməliyyatının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident qeyd edib ki, qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Arif Nəcəfov, Cəlilabad şəhər sakini