ŞUŞA BİZİ GÖZLƏYİRDİ,BİZ QAYITDIQ

ŞUŞA BİZİ GÖZLƏYİRDİ,BİZ QAYITDIQ
ŞUŞA BİZİ GÖZLƏYİRDİ, BİZ QAYITDIQ Azərbaycanın son Qarabağ savaşında qələbəsindən, şanlı ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən aylar keçsə də, zəfərimizin sevinci də, zəfərli yolumuz da, hər gün əziz Qarabağa yeni qayıdışlarımız da davam edir. Azərbaycan xalqı Şuşaya müzəffər xalq kimi qayıdıb. Avqustun 29-da Azərbaycanın böyük tərkibdə elm, ədəbiyyat, mədəniyyət xadimlərinin gözəl Şuşaya Vaqif Poeziya Günlərinə bayram etmək üçün gəlişi qələbəmizin və zəfər yolumuzun daha bir davamı, Qarabağa daha bir möhtəşəm qayıdışımız sayılmağa layiqdir. Üç onillik idi ki, biz bu yerlərə ayaq basa bilmirdik, çünki Şuşa işğal altında idi. Ancaq daxilən, fikrən heç vaxt Şuşadan ayrı düşməmişdik, xəyallarımız həmişə bu yerlərdə gəzib dolaşırdı. 44 günlük Vətən müharibəsində işğaldan azad olunandan sonra aydın şəkildə görünür ki, elə Şuşa da eyni həsrət və yanğı ilə öz doğmalarına qovuşacağı günləri gözləyib. İşğalın davam etdiyi üç onillik ərzində mənfur düşmən Şuşamızın sinəsinə yaralar vurub, burada ağlasığmaz vandalizm əməlləri törədib, şəhəri erməniləşdirməyə çalışıb. Lakin bütün bunlar heç bir nəticə verməyib. “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində etdiyi çıxışında deyib. Şuşanın tariximizdə, milli mədəniyyətimizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Dövlətimizin başçısı deyib ki, bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. “Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”, - deyə Prezident İlham Əliyev bildirib. Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır. Cənab Prezidentimiz çıxışında da bildirdi ki, Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik". Bəli, sevindirici haldır ki, Şuşada yeni infrastruktur quruculuğu uğurla davam edir, bütün tarixi binaların bərpa edilməsi ilə yanaşı, yeni binalar da tikilir. Bundan başqa, Şuşada yeni beşulduzlu otel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur. Bununla yanaşı, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Ermənilərin “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə isə beşulduzlu otel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməlinin qoyulması isə tezliklə Şuşada həyatın tam axarına qayıtmasına öz töhfəsini verəcəkdir. Bu, bir daha onu göstərir ki, qüdrətli Azərbaycan dövləti qısa zamanda işğal nəticəsində dağıdılan bütün rayon və şəhərlərimizi cənnətə çevirəcək. Cahangir Muradov, əməkdar mədəniyyət işçisi