ŞUŞA QARABAĞIN TACIDIR

ŞUŞA QARABAĞIN TACIDIR
ŞUŞA QARABAĞIN TACIDIR Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqlənib. Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 20,9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib. 1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı “Radioqurma” istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi. Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tuturdu. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Müharibədən sonra ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəldiyini, bu tarixin təsadüfən seçilmədiyini qeyd edən dövlətimizin başçısı deyib: “Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik”. Prezident İlham Əliyev qeyd edib ki, məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start verilir: “Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”. “İstifadəyə verilən “Qarabağ” hoteli və təməli qoyulan “Otel və Konfrans Mərkəzi” Şuşa şəhərində daxili və gəlmə turizmin inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda, yaxın zamanlarda Şuşada daha çox yerli və beynəlxalq tədbirlərin təşkili mümkün olacaq. Bu da strateji baxımdan şəhərin əhəmiyyətini daha da gücləndirəcək. Şuşa yeni mərhələyə qədəm qoyur. Bərpa və yenidənqurma mərhələsi yeni iqtisadi inkişaf dövrü ilə əvəzlənir. Yaxın zamanlarda Şuşada daha çox yerli və beynəlxalq tədbirlərin təşkili mümkün olacaq ki, bu da strateji baxımdan şəhərin əhəmiyyətini daha da gücləndirəcək. Bəli, Şuşa yenidən qurulur və əvvəlki tarixi və strateji mövqeyini möhkəmləndirir. İllər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilirsə, Azərbaycan muğamının səsi bütün dünyaya yayılırsa, “Qarabağ şikəstəsi” dinlənildikdə artıq ürək yanğısı deyil fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərinə qayıdır. Bu isə hər bir Azərbaycan vətəndaşının qəlbini fərəh hissi ilə doldurur. Şuşa bütün azərbaycanlılar üçün son dərəcə əziz olan və hər birimizin qırılmaz mənəvi tellərlə sıx bağlı olduğumuz şəhərdir. Tamilə Məmmədova, Cəlilabad şəhər sakini, müəllim