PEVƏNDLƏMƏ TƏDBİRLƏRİNƏ CİDDİ SURƏTDƏ ƏMƏL OLUNMALIDIR

PEVƏNDLƏMƏ TƏDBİRLƏRİNƏ
CİDDİ SURƏTDƏ ƏMƏL OLUNMALIDIR

PEVƏNDLƏMƏ TƏDBİRLƏRİNƏ
CİDDİ SURƏTDƏ ƏMƏL OLUNMALIDIR

Peyvəndləmə yenidən sağlam və normal həyata dönüş deməkdir. Buna görə də, mən bir daha hər kəsi bu məsələdə son dərəcə məsuliyyətli və aktiv olmağa, bütün çətin dönəmlərdə olduğu kimi, birlik və həmrəylik nümayiş etdirməyə, qaydalara ciddi əməl etməyə, keçirilən tədbirin mahiyyətini aydın qavramağa çağırıram.
Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar bəzən psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür. Vaksinasiya, ilk növbədə, həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq.
Məlum olduğu kimi, peyvənd olunduqdan sonra vətəndaşlara “Peyvənd sertifikatları” verilir. Bir sıra hallarda bu sənəd çox vacib sayılmaqla, insanın normal iş və məişət şəraitinə uyğunlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Təbii haldır ki, çoxumuz bunun nə olduğunu hələ də düzgün anlamırıq, bəzən isə sadəcə olaraq əhəmiyyət vermirik. Görünür, bu sahədə kütləvi təbliğata, maarifləndirməyə ciddi fikir verilməlidir. “Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə Peyvənd sertifikatı” verilir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. “Peyvənd sertifikatı” müddətsizdir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.
1 doza vaksin vurduran şəxsin vaxtı bitmiş “İmmunitet sertifikatı”nın müddəti. “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar. 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.
Yalnız peyvənd immun sistemimizi virusla effektiv mübarizə aparmağa hazır edir. Məhz bu səbəbdən də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var ki, onların da hər biri effektiv və təhlükəsizdir. Bu bəladan qurtulmaq üçün hər kəs fəallıq göstərməlidir. Gözəgörünməz düşmənlə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya - tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması, gigiyena qaydalarına əməl olunmasına riayət etməyə səsləyirəm.
Tərlan Balışov, Cəlilabad RMX Təcili Yardım şöbəsinin müdiri