Cəlilabadda Azərbaycan Gəncləri Günü qeyd olunmuşdur

Cəlilabadda Azərbaycan Gəncləri Günü qeyd olunmuşdur

31 yanvar 2020-ci il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində "Gənclər Günü" ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, institut tələbələri, rayonun fəal gəncləri iştirak etdilər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu nəzərə çarpdıran icra hakimiyyətinin başçısı onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini, ictimai-siyasi həyatda fəallığının getdikcə artdığını xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin gənclərə və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Sevindirici haldır ki, artıq Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bu illər ərzində ölkəmizdə idmanın maddi-texniki bazası sürətlə inkişaf etmişdir.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov rayon gənclərinin 2019-cu ildə qazandıqları uğurlar barədə danışmışdır. Bildirilmişdir ki, son 20 ildə ölkə iqtisadiyyatının dinamik inkişaf etməsi gənclər və idman sahəsinin formalaşmasına, çoxşaxəli və konseptual xarakter almasına səbəb olmuşdur.
2019-cu ildə ayrı-ayrı sahələr üzrə fərqlənən gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.Tədbir rayonun bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etmişdir.