Yaxın mədəniyyət müəssisələri

İmişli rayon Mədəniyyət Mərkəzi

İmişli rayon Mədəniyyət Mərkəzi 1987- ci il avqust ayının 17 –də tikilib istifadəyə verilmişdir. İmişli rayon Mədəniyyət Mərkəzi 1 şəhər klubu, 4 mədəniyyət evi, 26 kənd klub filialları ilə əhaliyə mədəni xidmət göstərir. Mədəniyyət mərkəzinin ümumi sahəsi 4400 kv/m-dir. Mədəniyyət Mərkəzi ( filialları ilə birlikdə ) işçilərin sayı 115 nəfərdir. Onlardan 39 nəfəri texniki işçi, 76 nəfəri isə Mədəniyyət işçisidir. 76 nəfər mədəniyyət işçisindən 8 nəfəri Ali ixtisas,, 27 nəfəri orta ixtisas, ,41 nəfəri isə orta təhsillidir. Mədəniyyət Mərkəzinin binasının 2- ci mərtəbəsində 1 Uşaq musiqi məktəbi,1 şəhər kitabxanası, 1 İmişli Dövlət rəsm Qalereyası, Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi yerləşir. Mədəniyyət mərkəzinin 2 foyesi, 650 nəfərlik tamaşa zalı və 12 pərdəlik səhnəsi, inzibati otaqı vardır ki, onların 2 – nən İmişli Dövlət Rəsm Qalereyası, 2-nən şəhər kitabxanası, 4-nən Kürdəmir Regioanl Mədəniyyət İdarəsinin nümayəndəliyi, 25- nən Uşaq musiqi məktəbi, 1 otaqa muzeyin əşyaları yığılıb, qalan otaqlardan 3- nə Mədəniyyət mərkəzinin inventar və avadanlıqları, 4- nən isə direktor, B\rəhbər, metodist otaqları kimi isdifadə edilir. Mədəniyyət Nazirliyinin 29.04.2015- ci il tarixli 217 saylı əmri və Nazirliyin 27.12.2012- ci il tarixli 08 saylı qərarına əsasən Mədəniyyət evlərinin, Mədəniyyət Mərkəzlərinə, kənd klublarının isə filiallara çevrilməsi ilə əlaqədar olaraq İmişli rayon Mədəniyyət Sarayıda 2015- ci ildə Mədəniyyət Mərkəzinə kənd klubları isə onun filiallarına çevrilmişdir. Mədəniyyət Mərkəzi profilləşmə ilə əlaqədar 7 müəsissə üzrə profilləşmişdir.

İmişli şəhər Asan Həyat Kompleksi

İmişli kompleksi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.

İmişli “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 184, könüllülərin sayı isə 45 nəfərdir.

Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. Mərkəzin 4 saylı Bakı “ASAN xidmət” və Quba, Sabirabad, Masallı, Qəbələ, Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində də bölmələri fəaliyyət göstərir. Bir il ərzində bu bölmələrdə ümumilikdə 18 mindən çox uşağa və yeniyetməyə psixoloji xidmətlər göstərilib.

İmişli “ASAN xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. Belə ki, bu il oktyabrın 3-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunan razılığa əsasən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək. Bundan başqa, Dövlət Agentliyinin əməkdaşları və “ASAN” könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 800 min vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, burada Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 9 xidmət göstəriləcək.

İmişli şəhər Bayraq Muzeyi

İmişli Bayraq Kompleksinin ərazisində yerləşən muzey binasının inşasına ötən il başlanıb və tikinti işləri bu ilin sentyabr ayında başa çatdırılıb. Ümumi ərazisi 8000 kvadratmetr olan muzey binası sərgi zalından, elektron kitabxana, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında, ümumilikdə, 3 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasiminə dair fotoşəkillər, onun dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Dövlət Bayrağı Meydanının açılışı mərasimlərinə dair fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir.

Onu da deyək ki, İmişli Bayraq Muzeyinin yerləşdiyi meydanda dirəyinin hündürlüyü 100 metr olan dövlət bayrağı ucaldılıb. Bayraq dirəyinin postamentində Azərbaycan Respublikasının gerbi və ümummilli lider Heydər Əliyevin kəlamları əks olunub. İmişli Bayraq Kompleksi Prezident İlham Əliyevin 2012-ci il oktyabrın 28-də İmişli rayonuna səfəri zamanı istifadəyə verilib.

Qeyd edək ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın və dövlətin maraqlarına uyğun müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan, beynəlxalq nüfuzu gündən-günə artan, dünya və region əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifi olan suveren ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur.

İmişli şəhər Olimpiya İdman Kompleksi

İmişli şəhərinin mərkəzində yerləşən olimpiya idman kompleksi 2011-ci il mayın 5-də istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina iki mərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunub.
Üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılıb.

Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar var.
Universal idman zalının uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyən tamaşaçılar üçün 845 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.

60 nəfərlik konfrans zalı ikinci mərtəbədə yerləşir.

Kompleksin həyətində futbol, basketbol və voleybol meydançaları da inşa edilib.
Kompleksin 15 otaqdan ibarət mehmanxanası 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə bilər.
Ümumi ərazisi 5 hektar olan kompleksin həyətində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilib.

Azərişıq ASC-nin İmişli avtomatik idarəetmə və nəzarət mərkəzi

Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında mühüm rol oynayacaq. Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomatik idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

Qeyd olundu ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi 6 rayon - Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli və Zərdab üzrə 137 min 190, o cümlədən 121 min 172 əhali və 16 min 18 qeyri-əhali abonentə və ümumilikdə, 753 min 200 nəfər əhaliyə xidmət göstərir. İmişli rayonu üzrə isə 33 min 321 abonent mövcuddur. Son illərdə Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə daxil olan 6 rayonda “Azərişıq” tərəfindən 110 və 35 kV-luq on yarımstansiya yenidən qurulub, 620 yeni KTM quraşdırılıb, 2200 kilometr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib və təmir edilib. Bundan başqa, regional baş idarənin yerləşdiyi İmişlidə 35 kV-luq “Məzrəli” və “Rəsullu” yarımstansiyaları tam yenidən qurulub, rayon mərkəzində Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi üçün inzibati bina inşa edilib.

İmişli Şəkər İstehsalat Birliyi

İmişli Şəkər Zavodu (“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC) – Azərbaycanın iri sənaye şəhərlərindən biri olan İmişliŞəhərində yerləşir.7-8 mərtəbədən ibarətdir (əsas binası) Cənubi qafqazın ən böyük şəkər zavodudur.Azərbaycanın ən böyük zavodlarındandır.Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir.

İmişli şəhər Məhkəməsi

İmişli Rayon Məhkəməsinin tarixi 1938-ci ilə təsadüf edir, çünki İmişli rayonunun 08 avqust 1930-cu ildə mərkəzi Qaradonlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qaradonlu rayonu adlandırılmışdır. Qaradonlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli adlandırılmışdır. 8 avqust 1938-ci ilədək İmişli Rayon Məhkəməsinin adı Qaradonlu Xalq Məhkəməsi olmuşdur. 08 avqust 1938-ci ildən isə İmişli Rayon Xalq Məhkəməsi adlanmışdır. 2000-ci ildən sonra İmişli Xalq Rayon Məhkəməsi İmişli Rayon Məhkəməsi adı ilə fəaliyyət göstərmişdir.