Soçi bəyanatı – irəliyə doğru daha bir addım

Soçi bəyanatı – irəliyə doğru daha bir addım
Azərbaycan XİN mətbuat xidməti Soçidə keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı ötən gün şərh vermişdir: rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndirmişdir: "Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilmişdir", - Azərbaycan XİN-in şərhində belə qeyd olunmuşdur. "Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən, dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmışdır."... "Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib", - deyə XİN-in şərhində qeyd olunmuşdur. Üçtərəfli görüş zamanı Prezident İlham Əliyev demişdir ki, ötən il ərzində "Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib."... "Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib". Həmin görüş zamanı Nikol Paşinyan bu fikirlə razı olmadığını bildirib ki, "Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa, faktiki olaraq, bütün bəndlər yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni sizinlə dəfələrlə həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir". Soçidə üçtərəfli görüş bitəndən sonra isə Nikol Paşinyan mətbuat üçün verdiyi açıqlamada bəzi məsələlərdə "heç bir fikir ayrılığı" olmadığını bildirib: "Qeyd etmək istəyirəm, bu çox pozitivdir ki, bir çox məsələlərdə biz mövqeyimizi dəqiqləşdirdik. Aydın oldu ki, bəzi məsələlərdə bizim əvvəl olduğu kimi görünən heç bir fikir ayrılığımız mövcud deyil" "Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik", - Soçi Bəyanatında belə qeyd olunub. Tərəflər "regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini" qeyd ediblər. "Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik", - sənəddə belə deyilib. Soçi Bəyanatında deyildiyi kimi, Əliyev, Paşinyan və Putin "2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq", Azərbaycan, Ermənistan və Rusiya hökümət başçıları müavinlərinin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş "Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndiriblər"... "Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq" Moskvanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, "Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcəyi" Söçi Bəyanatında qeyd olunub. Muradova Nurlanə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin bələdçisi