Əvvəlkindən daha abad olacaq Laçın – yaxın gələcəyin gerçəkliyi!

Əvvəlkindən daha abad olacaq Laçın – yaxın gələcəyin gerçəkliyi!
Bir neçə gündən sonra – dekabr ayının 1-də işğaldan azad olunmasının bir illiyini qeyd edəcəyimiz Laçın rayonunda görülən və görüləcək işlər onun tezliklə ölkəmizin cənub-qərbindəki ən mühüm strateji məkanlarından biri olacağına dəlalət edir. Belə ki, rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su - Elektrik Stansiyasını işə salınmışdır. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaqdır. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcəkdir. Prezident İlham Əliyev bu barədəki çıxışında vurğulamışdır: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Görülən digər böyük iş - Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yoludur ki, uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaqdır. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaqdır. Yol üzərində 3 tunelin tikintisi aparılacaq, tunellərin ümumi uzunluğu 9450 metr olacaqdır. Regionun strateji əhəmiyyətini artıran hava limanları də böyük əhəmiyyətə malikdir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilmişdir. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcəkdir. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcəkdir. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi də asanlaşdıracaqdır. Prezident İlham Əliyev bu mövzuda xüsusi olaraq qeyd etmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var”. Beləcə, tezliklə dövlətimizin cənub qərbindəki alınmaz “laçın yuvası”nın – iqtisadi və strateji cəhətdən möhkəmləndirilmiş və daşıdığı ada layiq Laçınımızın möhtəşəm abadlığına şahid olacağıq! Məhəmməd İsayev – Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi