İşğaldan azad Kəlbəcər

İşğaldan azad Kəlbəcər
İşğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycanın ən yüksək dağ rayonudur. Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; obsidian (dəvə gözü) yatağı, listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib. Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Ölkənin yeni qızıl yataqlarının istismara verilməsi, gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, Azərbaycan üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq, qızılın payını sürətlə artırırlar. Qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır. Təhlil və Kommunikasiya Mərkəzinin yayımladığı şərhdə belə deyilir. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral sulari dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşiyir. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Kəlbəcər rayonu turistlərdə də maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Burada alban dövrünə aid xeyli tarixi abidələr var. Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. Erməni vandalları tarıxı abidələrimizə zərər vurmaqla, öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar hec zaman onların olmayıb. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir. Bundan başqa, Kəlbəcərdə, zərurət olacağı təqdirdə, təbii ki, ekoloji tarazlığı qorumaq şərti ilə, dağlardakı küləkdən və dağ çaylarının sularından yararlanmaqla, elektrik enerjisi hasilatı da mümkündür. Məsələ burasındadır ki, sovet dövründə hər şey Moskvanın göstərişi ilə edildiyindən, digər bölgələrimiz kimi, Kəlbəcərin də potensialı gərəyincə öyrənilərək, araşdırılmayıb. Buna görə də aylar, illər keçdikcə rayonun yeni-yeni iqtisadi-sosial inkişaf imkanları üzə çıxacaq. Bu günlərdə dövlət başçısı Kəlbəcərə Göygölün Toğanalı kəndi istiqamətindən uzunluğu ümumilikdə 190 kilometrə yaxın olacaq yeni yolun çəkilməsi ilə bağlı göstəriş verib. Həmin yolun çəkilişi ilə bağlı ilkin layihələndirmə işlərinə artıq start verilib. Tezliklə istifadəyə veriləcək bu yol Kəlbəcərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, gələcəkdə o dağlara, meşələrə, yaylaqlara səyahət edəcək daxili və xarici turistlər üçün də əlverişli və eyni zamanda gözəl və mənzərəli bir yol olacaq. Təbii ki, dövlətimizin uğurlu siyasəti sayəsində yaxın zamanda relyef baxımından daha rahat olan tarixi Tərtər-Ağdərə-Kəlbəcər yolu da nəzarətimizə veriləcək ki, bu da rayonumuzun gələcək iqtiasadi inkişafında öz müsbət rolunu oynayacaq. Ölkə başçısı işğaldan azad bölgələrin, o cümlədən Kəlbəcərin də bərpası, qurulması və gələcək inkişafı üçün öz lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. İnşallah, torpaqlarımızın azadlığı kimi, bu işlər də zaman-zaman öz həllini tapacaq. Muradova Nurlanə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin bələdçisi