Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Artıq bir ildən çoxdur ki, Dünya gözə görünməyən düşmənlə-Pandemiya ilə mübarizə aparır. Bütün dünyanı cənginə alan bu xəstəlik bütün ölkələrdə, hər sahədə çoxsaylı problemər yaşatdı. Bütün dünya ölkələri pandemiya ilə mübarizə aparırlar. Azərbaycan Cənab Prezident İlham Əliyevin xalqımıza qayğısının, əhalinin sağlamlığının, rifahının halının hər şeydən öndə düşünməsi sayəsində pandemiya ilə mübarizədə öndə gedən ölkələr sırasındadır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. 2020-ci ildə Pandemiyanın dünyada tüğyan etdiyi bir zamanda Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır.

Pandemiya vəziyyətində hər bir dövlətin qarşısında iki əsas seçim dayanır: insanların həyatını qorumaq və iqtisadiyyatı xilas etmək. Azərbaycan o ölkələrdəndir ki, iqtisadi riskləri nəzərə almadan və tərəddüd etmədən birinci variantı seçdi. Bununla da sosial dövlət olduğunu bir daha təsdiqlədi.

Ümumdünya Səhiyyə Assembliyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında Cənab Prezident çıxışı zamani demişdir: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.”

Hal hazırda Pandemiya ilə mübarizədə əsas tədbir əhalinin vaksinasiyasıdır. Nə qədər çox insan vaksinasiya edilərsə bir o qədər tez pandemiyanın qarşısı alınar və insanlar normal həyat şəraitinə qayıdar. Ölkəmizdə bu ilin yanvarında başlanılan peyvəndləmə kompaniyası nəticəsində demək olar ki, əhalinin 20 faizi peyvənd olunub və bu proses sürətlə davam etdirilir. Pandemiyanın qarşısının alınması məqsədi ilə Azərbaycanda əsasən “Sinovak”, “AstraZeneca” və “Sputnik” peyvəndlərindən istifadə olunur. Peyvənd olunanlara isə COVİD-19 pasportu təqdim edilir. Artıq pandemiya ilə mübarizənin müsbət nəticəsi olaraq yoluxma və ölüm sayı qat-qat aşağı enib və ölkədə karantin qaydaları nisbətən yumşaldılıb.

Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Dünyanı sarsıdan epidemiyanın yayıldığı bir vaxtda Cənab Prezidentin düzgün siyasəti sahəsində Azərbaycan düşmənə qalib gəldi, 30 ildən sonra öz dədə-baba torpaqlarına qovuşdu. Inanırıq ki, Cənab Prezidentin bu uzaqgörən siyasəti nəticəsində tez bir zamanda ölkəmiz gözəgörünməz düşmənə-pandemiyaya da qalib gələcək.

Aytən Zülfəliyeva

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru