Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində “Həccin qəbul” deyə mübarəkdarlıq edərlərmiş. Elə bu da Hacıqabul toponiminin formalaşmasında mühüm rol oynamışdır.

Ərazi müxtəlif dövrlərdə Ərəb xilafətinin, Səlcuqların, Sacilər, Hülakilər, Şirvanşahlar, Səfəvilər dövlətinin tərkibində olmuşdur. Sonralar xanlıqlara parçalanma dövründə Şamaxı (Şirvan) xanlığının tərkibində olmuşdur. Şimali Azərbaycan Çar Rusiyası tərkibinə daxil olduqdan sonra 1830-cu ildə yaranan mərkəzi Şamaxı olan Xəzər vilayətinin Şamaxı qəzasının tərkibində olmuşdur. 1841-ci ildə Xəzər vilayəti ləğv edildikdən sonra şamaxı quberniyasının tərkibinə daxil edilmişdir. 1859-cu il dəhşətli Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürülmüşdür. O zaman Hacıqabulu da quberniya mərkəzi etmək fikri olmuşdur. 1860-cı ildən Hacıqabul Bakı quberniyasına Şamaxı qəzasının tərkibində olmuşdur. 1918-ci iıdə Hacıqabul ərazisində baş verən soyqırım zamanı tərtib edilən aktlarda Bakı quberniyası, Şamaxı qəzasının Navahı, Abdulyan nahiyyələrinin tərkibində olan kəndlərdə baş verən erməni vəhşiliklərindən qeyd edilmişdir. 08.08.1930-cu ildə dairələr ləğv edilmişdir. Yeni Qarasu rayonu yaradılmışdır. 29.11.1938-ci ildə Hacıqabul qəsəbəsinə şəhər statusu verilmişdir. 24.10.1939-cu ildə hacıqabulun adı dəyişilərək əslən Dağıstanlı olan inqilabçı Qazı-Məmməd Ağasiyevin adı verilərək rayon yaradılmışdır.

04.12.1959-cu ildə Qazı-Məmməd rayonu ləğv edilmişdir. Hacıqabul və Muğan qəsəbəsi Əli Bayramlı şəhərinin tabeliyinə keçmiş, kəndlər isə Şamaxı, Salyan və Sabirabad rayonları arasında bölüşdürülmüşdür.

Müstəqillik illərində 24.04.1990-cı ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını qaytarmışdır.

Təbiəti

Sahəsi 1641 km2, əhalisi 60 min nəfərdən artıq olan Hacıqabul rayonu Kürdəmir, Sabirabad, Salyan, Ağsu, Şamaxı, Qobustan, Abşeron, Qaradağ rayonları və Şirvan şəhərləri ilə həmsərhəddir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 27 kənd yaşayış məntəqəsi vardır.

Kür və Pirsaat çayları rayon ərazisindən keçir, Hacıqabul gölünün böyük bir hissəsi rayon ərazisindədir. Hacıqabul rayonu Kür-Araz ovalığının Cənub-Şərqində, Şirvan ovalığı kimi tanınmış ərazidə yerləşir. Bu ovalıq boyunca çox da hündür olmayan Qalaməddin və kiçik Harami dağ sıraları ucalır. Həmçinin Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəməri, Bakı-Ərzurum Qaz xətti, Qəbələ-Bakı su kəməri rayon ərazisindən keçir.

Kiçik Harami silsiləsinin quruluşunda Abşeron çöküntülərindən başqa, xüsusilə də Hacıqabul dəmir yol qovşağından şimalda Qaz-Kompressor stansiyası rayonunda, plays tosen dəniz çöküntüləri də vardır.

Ovalığın torpaq qatının formalaşması əsasən relyefin mezo- və mikroformasından, eləcə də yeraltı suların xarakterindən asılıdır. Şirvan düzənliyinin məhsuldar olmayan torpaqları şoranlıqlar sayılır ki, bunlardan da qış otlaqları kimi geniş istifadə olunur.

Rayon ərazisinin böyük bir hissəsi dəniz səviyyəsindən aşağıdır. Burada quru, isti yarımsəhra və quru çöl subtropik iqlimi hökm sürür. Qara yelin əsdiyi günlərin sayı 70-ə çatır. Ərazidə orta illik temperatur 14-150 C olur. Atmosfer yağıntıları əsasən yağış formasında düşür və miqdarı ildə 200 mm-dən çox olmur. İlin ən isti ayları iyul və avqust sayılır ki, bu ayların orta temperaturu 27 dərəcədir. Yanvarda havanın orta temperaturu mənfi 2 dərəcə olur.

Kür çayının vadisi boyu daha nəmişlik yerlər qarışıq ağac növləri (ağcaqovaq, söyüd, tozağacı) bitən tuğay meşələrilə, yulğun, tut və böyürtkən kolları ilə örtülmüşdür.

Digər rayonlardan fərqli cəhətləri:

Buranın həm dağətəyi, həm düzənlik, həm də çay və gölyani yerləşməsi səbəbindən təbiətinin qeyri-bircinsliyi, Kür və Pirsaat çayları və Hacıqabul gölü kimi üç böyük şirin su mənbəyinin qovuşuğunda yerləşməsi səbəbindən kifayət qədər özünəməxsus təbiəti, tarixən həmişə yollar (karvan, dəmiryol, avtomobil, hava) qovşağında yerləşməsi, həm əkinçilik, həm də maldarlıq fəaliyyət sahələrinin yanaşı mövcudluğundan dolayı təkrarsız iqtisadi mənzərəsi rayonu digər rayonlardan fərqləndirir.

Regionun özünəməxsus adətləri və mədəniyyəti:

Hacıqabullular yaxın keçmişə (təqribən yarım əsr bundan əvvələ) qədər əsasən oturaq (əkinçi və sənətkar) və qismən də yarımköçəri (maldar) həyat tərzi keçirdikləri üçün adət-ənənələri də məşğuliyyətlərinə müvafiq olmuş, sonradan elliklə oturaqlaşmanın ardınca bu iki yaşayış üslubu arasındakı fərqlər də yavaş-yavaş aradan qalxmışdır.

Yerli əhali min ildən artıqdır ki, islam dininə qail olduğundan, kifayət qədər dindardır, ərazidə çoxsaylı məscidlər şəbəkəsi fəaliyyət göstərir, vaxtaşırı müqəddəs yerlər ziyarət olunur. Adət-ənənəyə uyğun olaraq pirlərin, xüsusən də Pir Hüseyn Xanəgahının ziyarəti də geniş yayılıb.

Xilə tayfasının yaz köçü öncəsi qışlaqdakı qəbristanı (Pirallahı məzarlığı) elliklə ziyarət etmə adətə sonradan vəfat etmiş yaxınlarını bu qəbristanda dəfn etmiş qeyri-xilələrə də sirayət eləmiş və indiyə qədər də hər il mayın ortalarına yaxın cümə axşamı günü məzarlığın elliklə ziyarət olunması ənənəsi davam edir.

Kürüstü və Pirsaat sahili kəndlərin əhalisinin indinin özündə də bağçılıq və bostançılığa daha çox meyl etməsi, Xiləlilərin maldarlığa (əsasən qoyunçuluğa) üstünlük verməsi bir tərəfdən yerli şəraitlə bağlıdırsa, digər yandan adət-ənənəyə söykənir.

Novruz hacıqabulluların ən sevimli bayramı olub və undi də belədir.Çərşənbələr, axır çərşənbə, bayram axşamı, bayram günləri olduqca şux keçib, gecələr oyaq qalaraq oyunlar, əyləncələr, yarışlar, nağıl-dastan məclisləri təşkil ediblər, bir-birinə qonaq getmək, qara bayram mərasimləri (vəfatının ili çıxmamış yaxınların yad edilməsi) geniş yayılıb, paxlava, şəkərbura, şorqoğalı, halva, səməni, boyalı yumurta bayramın zahiri əlamətləri olub.

Maldar əhalinin uşaqları heyvan (qoyun) aşağı ilə çoxsaylı oyunlar uydurub, “ qığmətə” kimi əyləncələrdən istifadə etdiyi kimi, oturaqlar da “Əzzəli” (eşşək beli xırç), “Çiling-ağac”, “Qaraqazan”, “Şuppa-şuppa” kimi oyunlara üstünlük vermişlər.

Tarixi abidələri

Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruqu
Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan xanəgah kompleksi Ipək Yolu üzərində yerləşən Hacıqabul rayonunun simvolu hesab olunur. Bakının 127 km. məsafəsində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşmişdir. Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün samballığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqe tutur. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi vaxtı ilə, çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzəkli olmuşdur.

Qala divarları - Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində, rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XIII əsrə (1244) aiddir.

Daş kitabələrə əsasən, memar Şeyxzadə Həbibulla bin şeyx Hacı Məhəmməd tərəfindən inşa edilmişdir.

Şirvanşah I Xəlilullah (1420) və Elxani şeyx Cəmaləddin (1639) tərəfindən təmir və möhkəmləndirmə işləri aparılmışdır.

1918-ci ildə erməni quldur dəstələri tərəfindən dağıdılmış, 1960-cı illərdə keyfiyyətsiz bərpa işləri aparılmış, 2003-2007-ci illərdə yenidən bərpa edilmişdir.

Sərdabə

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində, rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XV əsrə aiddir.

Planda səkkiztilli olan, dağılmış gümbəzli və zirzəmili daş məqbərənin qalıqları tipik şərq prizmatik korpuslu və piramidal qübbəli məqbərələrə aiddir.

Məscid və minarə

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XI-XIII əsrlərə aiddir.

Məscidin Pir Hüseynin məqbərəsinə qovuşan ibadət zalının tağları olan qübbəli örtüyünün möhkəmləndirilməsindən ötrü ortada qarınaltı (tapqır) tağ yerləşdirilib, bunun nəticəsində giriş qapıları asimmetrik şəkildə şərq qapılarına daxil olur, qapıların qarşısında isə sonradan keçid vestibülləri qurulub. Daş kitabələrə əsasən, minarənin tikintisi Şirvanşah II Axsitanın zamanında (1256) başlamış və onun oğlu Gerşəsbin dövründə (1294) qurtarmışdır. Minarənin memarı Şəmsəddin Məhəmməd Əli Abbas, ustası Mahmud ibn İbrahim olmuşdur.

Məscidin mehrabı 1266/67-ci illərdə Əbülfət Fərruxzad bin Axsitan tərəfindən inşa etdirilmiş və hazırda Bakıdakı Nizami adına Ədəbiyyat muzeyində saxlanıllır. Məscidin kaşı bəzəklərinin, mehrabının və minarənin pillələrinin bərpasına ehtiyac vardır.

Karvansaray

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XIII əsrə aiddir.

Köməkçi otaqlar

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XIV əsrə aiddir. İki geniş zaldan və iki keçid vestibülündən ibarətdir.

Udulu kurqanları və kromlexi

Udulu kəndləri (Qubalı Bəşirbəyli) ərazisində yerləşir. İlk orta əsrlərə aiddir.

Udulu qəbristanlığı

Udulu kəndləri ərazisində (Qubalı Bəşirbəyli və Tava kəndləri arasında) yerləşir. Orta əsrlərə aiddir. Diqqətəlayiq qəbir daşları, qəbit yazılarıvə ornamentləri ilə zəngindir.

Güngörməz müdafiə qalası

Udulu kəndləri ərazisində (Qubalı Bəşirbəyli vəTava kəndləri arasında) yerləşir. İlk orta əsrlərə aiddir. Möhtəşəm qala öz ölçüləri və əzəmətilə ölkənin diqqətəlayiq abidələri olan Əshabi-Kəhf və Qobustan qayalıqları ilə müqayisə oluna bilər. Abidənin yaxınlıqdakı qədim qəbristanlıq və pirlər, eləcə də o qədər də uzaqda olmayan Pir Hüseyn Xanəgahı ilə bərabər ölkənin turizm marşrutlarına salınması məqsədəuyğun olardı.

Udulu küp qəbirləri

Udulu (Qubalı Bəşirbəyli) kəndləri ərazisində yerləşir. Antik dövrə aiddir.

Karvansaray

Hacıqabul şəhəri ərazisində, Hacıqabul gölünün şərq sahilində yerləşir. XV əsrə aiddir. Şirvanşah I Xəlilullah tərəfindən inşa etdirilmiş karvansaralar silsiləsinə daxil olan (“Şahrah” karvan yolu üzərində bir günlük məsafə fasilələri ilə Bakıda, Səngəçalda, Salyanda və cənuba doğru digər yaşayış məntəqələrində eyni planla tikilmişlər) və bəzən səhvən Şah Abbas karvansarası adlandırılan bu yarımdağılmış tikili XX əsrin təqribən 30-cu illərinin sonu-40-cı illərinin əvvəllərində yerli əhali tərəfindən bütünlüklə sökülmüş və hazırda yalnız yeraltı özülü qalmışdır.

1938-ci ildə alim İ.Şeblıkin tərəfindən sulu boya (akvarel) ilə rəsmi çəkilmiş və bu şəkil Bakıdakı Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Türbə

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksi yaxınlığındadır və Pirsaat çayı sahilində rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XIV aiddir. Xanəgah abidələri kompleksinin şimal divarının təqribən 100 metrliyində yerləşir. Planda dörd bucaqlıdır, qərb və şimal divarları qismən salamatdır, cənub divarında tağlı qapı girişi olmuşdur, qərb divarında balaca pəncərə var. Türbənin örtüyü çadırşəkillidir. Yaxın keçmişə kimi türbənin pəncərəsindən içəri daş atma ayini olmuşdur ki, onun qismən dağılması da bununla izah oluna bilər.

Körpü

Qubalı Baloğlan kəndi yaxınlığında yerləşir. XVII-XIX əsrlərə aiddir. “Qarı körpüsü” də adlandırılan bu körpü yarımdağılmış vəziyyətdədir və bərpasına ehtiyac vardır.

Köhnə qəbristanlıq

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində rayonun Qubalı Baloğlan kə ndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Orta əsrlərə aiddir. Qəbristanda təqribən 500-1000 illik tarixə malik dörd tipli sənduqə qəbirlər mövcuddur.

Udulu qəbristanlığı - Udulu kəndləri ərazisində yerləşir. Orta əsrlərə aiddir. Diqqətəlayiq qədim qəbir daşları. qəbirüstü yazı və ornamentlər vardır.

Qalaməddin qala qalıqları - Udulu kəddləri ərazisindədir. İlkin orta əsrlərə aiddir. Siklopik tikili olduğu ehtimal edilir və xüsusi tədqiqata ehtiyacı vardır.

Ovdan

Hacıqabul şəhəri ərazisində yerləşir. XIX əsrə aiddir. Əsasən işlək vəziyyətdədir.

Xilə qəbristanındakı ovdanlar

Hacıqabul şəhəri ərazisində, Pirallahı qəbristanında yerləşir. XIX əsrin II yarısına aiddir. Zülfüqar və Kəblə Əhməd ovdanları bərpa ediləcəkləri təqdirdə işlək vəziyyətə gətirilə bilər.

Cəyirli qəbristanındakı ovdan

Muğan qəsəbəsi yaxınlığında yerləşir. Diqqətəlayiq qəbir daşları, yazıları və şəkilləri ilə zəngin olan qədim qışlaq qəbristanında yerləşir.

Orta məktəb binası

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir. Bir əsrdən artıqdır ki, orta məktəb binası kimi istifadə olunur. İlkin vəziyyətinə qaytarılmasına ehtiyac duyulur.

Dəmiryol vağzalı binası

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir. 1870-ci illərin sonları-1880-ciillərin əvvəllərində Peterburqda layihələşdirilmiş bina qyri-adi memarlığı ilə seçilir, Bakı və Gəncənin qədim vağzal binalarıdağıdıldıqdan sonra butipli yeganə tikili kimi diqqətəlayiq əhəmiyyətə malikdir.

Yaşayış binası

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir.

Dəmiryol işarəvermə distansiyasının binası

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir. Hazırda inzibati bina kimi istifadə olunur.

Qoşa su qülləsi

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir.

1880-1950-ci illərdə dəmiryol nəqliyyatında lokomotiv olaraq parovozlardan istifadə edilərkən onların su ilə təmin edilməsi məqsədilə inşa edilmişdir.

Neftötürmə məntəqəsi

Hacıqabul şəhəri ərazisində yerləşir. 1870-ci illərin sonu-2010-cu illərdə Hacıqabul qəsəbəsi ərazisində tikilmiş Rusiya (Avropa, Qərb) üslublu tikililər kompleksinə daxildir. 1904-cü ilə aid olan tikililər kompleksi Bakı neftinin və kerosininin Batumiyə ötürüldüyü kəmərlər üzərində inşa edilmişçoxsaylı məntəqələrdən biridir. 1990-cı illərin ortalarında qismən dağıdılmış və əsas korpusundan hazırda şadlıq evi kimi istifadə olunur.

Şeyx İsmayıl məqbərəsi

Rayonun Ağacanlı kəndi ərazisində yerləşir. Şeyx İsmayıl adlı müqəddəs bir şəxsin qəbri üzərində ucaldılmış və ziyarətgah kimi fəaliyyət göstərir.

Hacı Həşim hamamı

Rayonun Rəncbər kəndi ərazisində yerləşir. 1902-ci ilə aiddir. Vaxtilə kənd əhalisinin istifadə etdiyi tikili hazırda qismən dağılmış vəziyyətdədir və bərpaya ehtiyacı vardır.

Pirallahı məqbərəsi və qəbristanı

Hacıqabul şəhəri ərazisində yerləşir. Orta əsrlərə aiddir. Son əsrlərdə Hacıqabulun ilkin yerli əhalisi olmuş Xilə tayfasının qışlaq qəbristanı olmuşdur,burada qəbrlərlə yanaşı, Şeyx Şəkərin məqbərəsi, eləcə də ovdanlar yerləşir.

Pir Hüseyn xanəgahı hücrələri

Abidə Pir Hüseyn Xanəgahı abidələr kompleksinə daxildir və Pirsaat çayı sahilində, rayonun Qubalı Baloğlan kəndi yaxınlığındakı Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. XIII əsrə aid edilir. Şeyxin otağından, avazla Quran oxuma otağından, eləcə də daimi və növbələşən dərvişlərin yaşaması, işlərin görülməsi və s. üçün istifadə olunan hücrələrdən ibarətdir.

Yarımdağılmış vəziyyətdə olan hücrə və otaqların bərpasına ehtiyac vardır.

Rayonun tanınmış şəxsiyyətləri:

Bədii ədəbiyyat : Mirzə Baxış Əsədulla oğlu Nadim (1780-1878) -şair, Azərbaycan ədəbiyyatında satiranın əsasını qoyanlardan biri

Əzizə Məhəmməd qızı Cəfərzadə (1921-2003) -nasir, ədəbiyyatımızda tarixi romanın ən görkəmli yaradıcılarından biri. «Yad et məni», «Vətənə qayıt», «Aləmdə səsim var mənim», «Bakı-1501» və digər romanların müəllifi.

Əlihəsən Sadıq oğlu Şirvanlı (1921) -şair-tərcüməçi (alman dilindən)

Sabir Əlabbas oğlu Almazov (1937-1976)-şair-tərcüməçi (rus dilindən)

Əjdər Feyzulla oğlu Ol (1958)- şair, nasir, dramaturq, tərcüməçi (rus dilindən)

Zivər Sübhan qızı Ağayeva (1934) –şair, çoxsaylı mahnıların sözlərinin müəllifi.

Mənzər Eynullayeva (Niyarlı) ()-nasir

Əmrah Cəbrayıl oğlu Şirvanlı (1963) –şair.

Kino : Əbdül Mahmudbəyov (1944)- aktyor, rejissor, Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi.

Filmləri: «Yeddi oğul istərəm», «Nəsimi», «Bizim Cəbiş müəllim», «Axırıncı aşırım».

Musiqi : Zaur Əlihüseyn oğlu Rzayev (1952) -müğənni, Azərbaycanın və Dağıstanın xalq artisti.

Teatr : Rafiq Mirzəcan oğlu Hüseynov (1941) -aktyor,rejissor, əməkdar artist

Elm : Bilal Ataş oğlu Dadaşov (1915-2007) - kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi.

Ramiz Əlicavad oğlu Qasımov (1958) -texnika elmləri doktoru, professor Beynəlxalq və Rusiya EA-larının üzvü.

Məlikməmməd Saday oğlu Cəbrayılov (1945)- fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, prorektor (ADPU)

Saday Ağalar oğlu Əliyev (1948) -tibb elmləri doktoru, professor.

Əli Pənah oğlu Məmmədov (1931) -fizika-riyaziyyat elmləri doktoru, professor.

Əzizə Məhəmməd qızı Cəfərzadə (1921-2007) -filologiya elmləri doktoru.

Əhməd Məhəmməd oğlu Cəfərzadə(1929-2003)-filologiya elmləri doktoru.

Məmməd Məhəmməd oğlu Cəfərzadə (1926-1999) -filologiya elmləri doktoru.

İbadulla Əliağa oğlu Ağayev (1950) –tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim, Beynəlxalq və Rusiya EA-larının üzvü.

Ramazan Baxşəli oğlu Tarıverdiyev (1928-1983)- coğrafiya elmləri doktoru, professor.

Ramiz Əliş oğlu Həsənov (1952) –texniki elmləri doktoru, professor, prorektor (ANA), əməkdar müəllim, “Şərəf” ordenli.

Tamilla Hilal qızı Nəsirova (1936) –ölkədə ilk qadın riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim.

Hacalı Nəcəf oğlu Nəcəfov (1955) -kimya elmləri doktoru, professor.

Bəsdi Əlisəfa qızı Bağırova (1953-2005) -tibb elmləri doktoru, professor.

Dövlər-hökumət : Əliağa Novruzəli oğlu Məmmədov (1922-1994) -təhsil nazirinin müavini, rektor (APİ-rus), AKP MK şöbə müdiri, filologiya elmləri namizədi, (monqol dili üzrə mütəxəssis)

Ağakərim Əlirza oğlu Kərimov (1920-2003) -ədliyyə nazirinin müavini, baş ədliyyə müşaviri, hüquq elmləri namizədi.

Əliheybət Həsənxan oğlu Cəfərov (1913-1975)-dəmiryol nazirinin müavini.

Əlisəttar Niftəli oğlu Almazov (1909-1982) -Bakı Metrosu və Funikulyoru tikintiləri həmkarlar komitələrinin sədri.

Təhsil Məhəmmədhəsən Məhəmməd oğlu Zeynalov (1885-1974) –rayonda ilk azərbaycanlı dünyəvi müəllim, əməkdar müəllim, Lenin və Qırmızı Əmək Bayrağı ordenli.

Əmək : Əlihüseyn Hüseyn oğlu Hüseynov (1921-1993) -Sosialist Əməyi Qəhrəmanı.

İctimai : Mehdi Mirzə oğlu Məmmədov (1952-2008) –tarix elmləri namizədi.

İdman : Zöhrab Əlisahib oğlu Abbasov (1967) -Yunan-Roma güləşi üzrə yaşlılar və gənclər arasında dünya çempionu.

Milli Təhlükəsizlik : Asif Mikayıl oğlu Cəbrayılov- Sərhəd Qoşunları komandanının müavini, general-mayor.

Arif Məhəmmədhəsən oğlu Zeynalov (1939)- polkovnik.

Alşan Ağakərim oğlu Zakirov (1959) -polkovnik, Federal Təhlükəsizlik Xidməti (RF)

Gömrük : Güloğlan Muradov- General-mayor.

Daxili Xidmət : Rəfiqə Məhəmmədhəsən qızı Zeynalova (1928-1987) –ölkədə ilk qadın polkovnik.

Nofəl Ağakərim oğlu Kərimov (1943-1993) -DİN İdarə rəisi, polkovnik.

Silahlı Qüvvələr : Nəcəf Şirinbala oğlu Qəmbərov- Hərbi Akademiyanın rəisi, general-mayor.

Rafiq İbrahimov- Artilleriya qoşunları komandanı, polkovnik.

Məmməd Əliağa oğlu Rəsulov –Naxçıvan MR Hərbi Komissarı, polkovnik.

Boris Mixayloviç Litvinçuk (1917-1998) -Sovet İttifaqı Qəhrəmanı.