Qusarda beynəlxalq konfrans keçirildi

Qusarda beynəlxalq konfrans keçirildi

Cari ilin 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası tərəfindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans təşkil olunmuşdur.

Qeyd edək ki, sözügedən konfransda həmçinin M.V.Lomonosov adına MDU-nin Qlobal problemlərin araşdırması üzrə YUNESKO kafedrasının, Rusiya Prezidenti yanında Dövlət qulluğu və idarəçilik İnstitutunun (Rusiya, Moskva), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyası və Dünya Mədəniyyəti İnstitutunun (Kazan), “Brahma Kumaris” Ümumdünya mənəvi universitetinin (Hindistan) nümayəndələri, digər yerli və xarici alim və mütəxəssislər də iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və Tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov cənab nazir Əbülfəs Qarayev adından tədbir iştirakçılarını salamladı.

Tədbirin həmtəşkilatçısı olan Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev dövlətlərin inkişafında mədəniyyət amili, o cümlədən dövlətlərarası sabit münasibətlərin qurulmasında mədəni mexanizmlərdən danışarkən Azərbaycan və Rusiya dövlətləri arasında uğurlu əməkdaşlıqdan söhbət açıb.

Moderatorlar – kulturoloq, professor Fuad Məmmədov və YUNESKO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, akademik Engel Tahirov konfransın yaradıcı məqsədləri və vəzifələri haqqında danışaraq iştirakçılara yeni imkanların açılışında müsbət nəticələr əldə olunmasını arzuladılar. Tədbirin məqsədi yüksək mədəniyyətli insanların, şəxsiyyətlərin və liderlərin meydana gəlməsi, insan kapitalının nüvəsi və sosial-mədəni inkişafının hərəkətverici qüvvəsi olduğu üçün həm milli dövlətlər səviyyəsində həm də qlobal məkanda beynəlxalq təkliflər və proqramlar ilə tanış olmaq, “homo cultureis” (mədəni insanın) “istehsalı" - sosial-mədəni tərəqqi, mədəni dialoq, davamlı problemlərin həllində elmi yardım məqsədi daşıyan yüksək mədəniyyətli insanları yetişdirməkdir.

Bu problemlərin həlli üçün təsirli vasitələrdən biri də YUNESKO proqramları üzrə beynəlxalq əməkdaşlıqdır. Bunun nəticəsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Mədəniyyət qlobal problem kimi" mövzusunda YUNESKO-nun Universitetlərarası Şəbəkə kafedrasının açılması ilə əlaqədar ilkin razılaşma əldə edildi.

Həmçinin “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri akademik Engel Tahirov Bakıda təşkilatın Azərbaycan bölməsinin açılması barədə iştirakçılara məlumat verdi.

Professor Fuad Məmmədov intellektual və əxlaqi inkişafı təşviq etmək, mədəni və beynəlxalq fəaliyyətlərdə yüksək mədəniyyətli insanları meydana gətirmək məqsədi ilə bütün dünyada "Homo meritus" (Layiqli İnsan) beynəlxalq medalının təsis edilməsini təklif etdi.

Məşhur rus kulturoloq, YUNESKO kafedra müdiri müavini, Rusiya Prezidenti yanında Dövlət qulluğu və idarəçilik İnstitutunun “Vətəndaş Cəmiyyəti və Sosial Rabitə Tədqiqatları” Təhsil Mərkəzinin direktoru, professor Olga Astafyeva Beynəlxalq Kulturoloq Assosiasiyasının və Beynəlxalq Kulturoloq gününün yaradılması üçün YUNESKO-ya müraciət etmək təklifi ilə çıxış etdi.

Qeyd edək ki, konfrans iştirakçıları üçün Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm sərgisi və bədii proqram təşkil olunmuşdur.

http://mct.gov.az/az/umumi-xeberler/11002