"Poeziyamızın sönməz günəşi – Nizami dühası"

"Poeziyamızın sönməz günəşi – Nizami dühası"

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, humanist, mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunan dahi Azərbaycan şairi Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Nizami sənəti özünün humanist ruhu, xalq arzu və istəklərinin aydın, təsirli ifadəsi ilə seçilir. Buna görədir ki, bu zəngin irs bütün dövrlərdə aktuallığı və müasirliyi ilə seçilir. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də aktualdır. Nizami Gəncəvi özündən əvvəlkilərlə müqayisədə şeiri elə bir əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn sənətkarlar artıq ondan yüksəyə qalxmaq fikrinə düşməmiş, onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar (4). Nizaminin dahiliyini bütün bəşəriyyət tanımışdır. Ona görə ki, millətindən, yaşayış yerindən asılı olmayaraq onun ibrətamiz şeirlərində insanlar inam, ümid, həqiqət, ədalət, məhəbbət, gələcəyə baxış, azadlığa qovuşmaq meyllərini görürlər.

Mütəfəkkirin həyatı haqqında məlumatlar çox azdır. Onun kimliyi və bioqrafiyası haqqında məlumatları yaradıcılığından öyrənmək olur. Şairin doğulduğu tarix dəqiq məlumatlara sahib deyil. Lakin UNESCO mütəfəkkirin doğum tarixini 1141-ci il olaraq qəbul etmişdir.

Nizami Gəncəvi dünya ədəbiyyatında böyük məhəbbət və hörmətlə yad olunan, tədqiq edilən şairlərdəndir. Dünya ədəbiyyatında “Xəmsə” kimi dərin, zəngin məzmunlu, bədii forması etibarilə rəngarəng, oynaq süjetli böyük əsər tapmaq çətindir (4). Dahi şairin yaradıcılığı humanizmi və yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş, Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Əsərlərinin nadir əlyazma nüsxələri bir sıra şəhərlərin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır (3).

Onun yaradıcılığı Qərbi Avropa ədəbiyyatına da təsir göstərmişdir. Avropa alimlərinin təsdiq etdikləri kimi, C.Bokaççonun “Ameto” əsəri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının təsiri ilə yazılmışdır (3).

Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində də xeyli iş görülmüşdür. 1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlamışdır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi, nəşri və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş imkanlar açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır (2). Ümummilli Liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Mütəfəkkirin 850 illik yubileyi UNESCO nəzdində 1991-ci ildə qeyd edilmişdir. 2011-ci ildə isə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində müxtəlif silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, dövlətimiz tərəfindən layiqincə dəyərləndirilmişdir. Onun adını əbədiləşdirmək üçün Bakının rayonlarından biri, mədəni-maarif müəssisələrindən bir qismi (kinoteatr, kitabxana, muzey), Bakı metropoliteni stansiyası və paytaxtın mərkəzi küçələrindən biri onun adı ilə adlandırılmışdır (3). Şairin yaradıcılığı ən öncül tədqiqat sahəsi olduğuna görə Azərbaycan ədəbiyyatşünaslığının “Nizamişünaslıq” elm sahəsi təşəkkül tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsi, Gəncə bölməsində isə Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir (1).

Bir faktı da qeyd etmək lazımdır ki, 1991-ci ildə Moskvada, 2000-ci ildə Sankt-Peterburqda, 2004-cü ildə Özbəkistanda, 2005-ci ildə Moldovanın Kişinyov şəhərində dahi şairə abidə ucaldılmışdır. 2012-ci il aprel ayının 20-də İtaliyanın paytaxtı Roma şəhərində “Villa Borghese” parkında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının iştirakı ilə Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur (3).

Məlum olduğu kimi, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Nizami Gəncəvi ili” elan edildi. Bu Sərəncam Dövlət Başçımızın ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır. Dünya ədəbiyyatı xəzinəsinə nadir bir sima kimi daxil olmuş dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq keçiriləcək tədbirlərdə böyük ustadın sənət xəzinəsinə yenidən nəzər salınacaq və Nizami sənəti yetişən nəslə təqdim olunacaq.

İstifadə olunan ədəbiyyatlar:

  1. Abdullayeva S. Nizamidə musiqi, musiqidə Nizami. Bakı: “Nurlar”, 2018, 360 s.
  2. Nizami Gəncəvi (Biblioqrafiya). Bakı: “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası”, 2012, 632 s.
  3. Poeziya dünyasının dahisi. Bakı: “M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası”, 2012, 64 s.
  4. Sönməz günəşin hikmət dəryası. Bakı: “F.Köçərli adına Respublika Uşaq Kitabxanası”, 2016, 57 s.

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi: Fidan Kazımzadə