"Novruz bayramı və milli dövlətçilik ənənələri"

"Novruz bayramı və milli dövlətçilik ənənələri"

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan qoruyub gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Azərbaycan milli-mənəvi mədəniyyətinin ən qədim və zəngin tarixə malik bayramlarından biri, bəlkə də, birincisi Novruz bayramıdır. Novruz bayramının həm qədimlik, həm də müasirlik baxımından milli mədəniyyətimizdə xüsusi yeri vardır. Novruz milli varlığımızın simvolu, milli inkişafımızın qaynağıdır. Müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində muğam, xalçaçılıq və aşıq sənəti ilə yanaşı mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm simvollarından birinə çevrilmişdir.

Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olmuşdur. Novruz – xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirən bir bayramdır. Bu səbəbdən də uzun illər sovet ideologiyası digər milli dəyərlərimiz kimi, qədim Novruzu da xalqımızın yaddaşından silmək istəyirdi. Amma buna nail ola bilməmişdi. Bu ideologiyanın tüğyan etdiyi bir vaxtda Azərbaycan xalqı öz doğma bayramını qoruya bilmişdi. Milli təfəkkürümüzün təcəssümü olan bu bayramı Azərbaycan xalqına birdəfəlik milli liderimiz Heydər Əliyev qaytarmışdır. Ulu Öndər hələ sovet hakimiyyəti illərində bu istiqamətdə məqsədyönlü iş aparırdı. Məhz o vaxtlar Heydər Əliyevin atdığı qətiyyətli addımlar öz xalqına, milli-mənəvi dəyərlərimizə qayğısının və məhəbbətinin ifadəsi idi (4). Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi kimi, “İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalmasına baxmayaraq bu günə gəlib çatmışdır. Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir” (3).

1993-cü ildə ulu öndər Heydər Əliyevin tarixi Sərəncamından sonra Novruz ölkədə ümummilli bayram kimi dövlət səviyyəsində qeyd edilməyə başlandı. Bu isə Bayramın nüfuz çevrəsini daha da genişləndirdi, özünəqayıdışı gücləndirdi, xalqımızın milli birliyinin möhkəmlənməsinə, vətən, torpaq, sülh və dostluq uğrunda səfərbər olmasına öz dəyərli töhfəsini verdi (2).

Novruz bayramının milli-mənəvi dəyər kimi xalqımızın həyatında yerini çox gözəl bilən Heydər Əliyev ümumiyyətlə, milli-mənəvi dəyərlərə böyük əhəmiyyət verirdi. Ümummilli Lider dəfələrlə qeyd etmişdir ki, xalq öz mədəniyyətinə, milli-mənəvi dəyərlərinə görə tanınır: “Milli ideolgiyamızın əsas hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıblar. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz” (3).

Ulu öndər Heydər Əliyevin hər il Bakıda İçərişəhərin qoşa qapısı qarşısında, küçə və meydanlarda keçirilən Novruz şənliklərində iştirak etməsi, şənliyə gələnlərdən hər biri ilə səmimi görüşü əlamətdar hadisəyə çevrilirdi. Heydər Əliyev öz çıxışlarında Novruz bayramının müstəqil və suveren Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olduğunu, doğma xalqımızın ən qədim mərasimlərini, adət-ənənələrini özündə yaşadan bu bayramın milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrildiyini yüksək qiymətləndirirdi.

Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev də həmişə Azərbaycan xalq adət-ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdirilməsi, onların, xüsusən gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynaması kimi vacib məsələləri diqqət mərkəzində saxlamışdır. Dövlət Başçısının Azərbaycanın milli Novruz bayramı şənliklərində iştirak etməsi, xalqla bir olması müstəqil dövlətimizin insanlarının birliyindən, sevincli günlərindən, parlaq sabahlarından xəbər verir.

Təbii ki, bütün bunlar Novruz bayramının beynəlxalq aləmdə tanınmasına və dünya xalqları içərisində sürətlə yayılmasına öz müsbət təsirini göstərmişdir. Novruz bayramının Azərbaycan dövlətçilik ənənələrinin inkişafında ən böyük rolu BMT Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada “Beynəlxalq Novruz günü” elan edilməsidir. Burada ən əlamətdar cəhət ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində üç yüz milyondan çox insanın Novruz bayramını qeyd etməsinə baxmayaraq, BMT-də qəbul olunmuş bu qərar məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə baş tutmuşdur (1).

2009-cu ildə Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.

Göründüyü kimi, Azərbaycan xalqının ən əziz milli bayramı olan Novruz milli varlığımızın əsası olan milli dövlətçilik ənənələrimizin inkişafına həmişə xidmət etmiş və bundan sonra da əbədi ideoloji dəyər kimi öz tarixi missiyasını yerinə yetirərək, milli varlığımızın inkişafına daim öz töhfəsini verəcəkdir.

İstifadə olunan ədəbiyyatlar:

  1. Qasımova S. Azərbaycanda Novruz ənənə və inancları. Bakı: “Elm və təhsil”, 2018, 188 səh.
  2. Nəbiyev B. Novruz bayramınız mübarək. Azərbaycanda Novruz (toplu). Toplayan, nəşrə hazırlayan və elmi redaktoru – Azad Nəbiyev. Bakı: “Çıraq”, 2012, səh. 10-12.
  3. Novruz bayramı ensiklopediyası. Tərtib edənlər: Bəhlul Abdulla, Tofiq Babayev. Bakı: “Şərq-Qərb”, 2008, 208 səh.
  4. https://azertag.az/xeber/NOVRUZUN_DOVLAT_SAVIYYASINDA_QEYD_OLUNMASI_UMUMMILLI_LIDERIMIZ_HEYDAR_ALIYEVIN_ADI_ILA_BAGLIDIR-472534

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi: Fidan Kazımzadə