"Xocalı soyqırımına əsl siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verilməsi"

"Xocalı soyqırımına əsl siyasi-hüquqi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verilməsi"

Xocalı...25-dən 26-a keçən gecə bu şəhərin adı elan olunmamış müharibənin tarixinə qanlı hərflərlə yazıldı. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7000 əhali yaşayırdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər 4 tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhər tamamilə alova bürünmüşdü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşdular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan olunmuşdu. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadınŞ 83 azyaşlı uşaq, 70 qoca öldürüldü, 10 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 dinc sakin girov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtulmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, 4 gün ərzində Ağdama Xocalıdan qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdi (2). Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdi. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir (2). Xocalı faciəsi zamanı respublikamızın müxtəlif regionlarından Xocalıya gəlmiş 300-dən artıq müxtəlif peşə sahiblərindən, o cümlədən inşaatçılardan 100 nəfəri həlak olmuşdu. Lakin bu qəbildən olan insanlar haqqında məlumat qorunub saxlanılan Xocalı sənədlərində əks olunmadığına görə həlak olanların adbaad siyahısını tərtib etmək mümkün olmamışdı (5). Təəssüflər olsun ki, faciənin səbəbkarlarının siyahısı təkcə ermənilərlə məhdudlaşmır. Günahkarlar siyahısında sapı özümüzdən olan baltaların adları da yer alır ki, bunu xalq heç vaxt onlara bağışlamayacaq. Xocalı faciəsi üzərində hakimiyyətə yiyələnən AXC-Müsavat iqtidarı dövründə soyqırımı barədə danışılsa da, son nəticədə faciənin günahkarlarının adlarının üstündən sükutla keçdilər. Soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmədi. Çünki hakimiyyətdə olan “bəylərin” də bu soyqırımında rolu ermənilərin, 366-cı motoatıcı alayın və ya A.Mütəllibovun rolundan heç də az deyildi. 2002-ci ildə faciənin onuncu ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyev xalqa müraciətində deyirdi: “Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o, zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar” (1). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Çünki bu, 1992-ci ildə iqtidarda olanlarla hakimiyyətə can atanların arasında baş verən hərc-mərcliyin, respublikadakı anarxiyanın məntiqi nəticəsi idi. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ulu öndərin təşəbbüsü və Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. 25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” da ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdi (2). BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260A saylı “Soyqırımı siyasətinin qarşısının alınması və ona görə cəza barədə” Konvensiyanın prinsipləri Xocalı faciəsinin həqiqətən soyqırımı olduğunu bir daha sübut edir. Həmin soyqırımını istintaq materialları və faktları da təsdiqləyir. Bütün beynəlxalq normalara görə Xocalı faciəsi soyqırımı aktıdır. Gec də olsa, bütün dünya ölkələri bu soyqırımı aktını etiraf etməli və tanımalıdır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir (3). Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Burada Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasının dünya ictimai rəyinin məlumatlandırılmasına verdiyi töhfəni xüsusi qeyd etmək lazımdır. Məhz bu kampaniyanın nəticəsidir ki, ABŞ-ın 15 ştatının qanunvericilik məclisləri (4), Türkiyə, Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınmışdır (3). Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini ötən illərdə bütün dünyada milyonlarla insan imzalayıb.

İstifadə olunan ədəbiyyatlar:

  1. Cəfərli R. Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini Heydər Əliyev sayəsində aldı// “Azərbaycan”, 26 fevral 2017, № 44, s.1.
  2. Ələsgərov Ə. və b. Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindəndir// “Xalq” qəzeti, 1 aprel 2008.
  3. Feyziyev C. Xocalı qətliamı ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciədir// “Xalq” qəzeti, 26 fevral 2020, № 43, s.7.
  4. Hüseynli Q. Xocalı soyqırımı// “respublika”, 27 fevral 2020, № 44, s.6.
  5. Məmmədova H. Xocalı: şəhidlər və şahidlər. Bakı, 2005, s. 63-77.

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi: Fidan Kazımzadə