"Gənclər siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu"

"Gənclər siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu"

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” (4) – deyən ulu öndər Heydər Əliyev gənclərimizə hər zaman diqqət və qayğı göstərmişdir.

Müstəqilliyimiz bərpa edildikdən günümüzədək Azərbaycan gəncliyi böyük inkişaf yolu keçmişdir. Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra ölkədə yaranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gənclərin də həyatına çox ağır təsir göstərmişdir. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbindən sonra müstəqil ölkənin rəhbərliyinə qayıdışı gəncliyin də həyat və mübarizəsində əsaslı dönüş yaratmışdır. Xalqın xilaskar oğlu ölkə rəhbərliyinə qayıtdığı ilk gündən gənclərin istək və arzularına, rastlaşdıqları çətinliklərə müdrikliklə diqqət yetirmiş, müstəqil ölkənin gənclər siyasətinin əsaslarını qoymuşdur. Ölkəmizə rəhbərlik etdiyi müxtəlif illərdə Heydər Əliyev böyüməkdə olan gənc nəslə hər cür qayğını daim ön plana çəkmişdir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə bir mənalı olaraq Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Əslində Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin hər birinə gənclik qarşısında gəncliyin maraqları baxımından yanaşmaq lazımdır.

Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin hər iki dövründə yeni nəslin sağlam və bilikli böyüməsi, həyatda özünə layiqli yer tutması üçün uzaqgörən, sistemli, ardıcıl tədbirlər işləyib hazırlamış, bu işi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovetlər dövründə respublikanın birinci rəhbəri olaraq, Heydər Əliyev daim gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırmışdır (6). 1969-1982-ci illərdə Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa, müasir ixtisaslara yiyələnmələri üçün göndərilməsi danılmaz faktdır. Onun şəxsi təşəbbüsü və qayğısı sayəsində Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdı (3).

Bundan əlavə, sovet hökümətinin ən sərt dövründə Heydər Əliyevin Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmağını xüsusi qeyd etmək lazımdır. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrlarının hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Lakin uzaqgörən liderimiz gənclərimizin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların bu istiqamətdə hazırlanması üçün son dərəcə vacib olan bir tədris ocağını yaratmağa müyəssər olmuşdu (3).

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 1994-cü il iyulun 26-da verdiyi fərman ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı (4). 1996-cı ilin fevralın 2-də müstəqil Azərbaycan gənclərinin I forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzaladı. Qeyd etmək lazımdır ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi (4).

Bundan əlavə, 1999-cu ilin mart ayının 2-3-də Azərbaycan gənclərin II forumu (2), həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, eyni zamanda qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi. Gənclərimizin gələcəyini müəyyənləşdirən bu qərarlar çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi (3). Bu fərmanları, əslində, Azərbaycan gənclərinin həyatında yeni mərhələ, dönüş nöqtəsi hesab etsək, yanılmarıq.

Bütün dövrlərdə gənclər hər bir cəmiyyətin aparıcı hissəsini təşkil etmişlər. Gənclərin sosial problemlərinin həlli dövlətin və onun başçısının daim diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycan gəncləri böyük imkanlara malikdirlər. Tarixi milli-mənəvi dəyərlər, ölkənin zəngin resursları, həmçinin Azərbaycan dövləti tərəfindən keçirilən tədbirlər, gənclərin inkişafı üçün şərait yaradır. İndi əsas vəzifə bu imkanlardan layiqincə yararlanmış gəncləri, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etdirmək üçün hərtərəfli dəstəkləməkdir.

Azərbaycan dövlətinin gənclər siyasəti idman, təhsil, elm, səhiyyə, siyasət, mədəniyyət, incəsənət, ictimai həyat və s. daxil olmaqla gənclərin maraqlarının stimullaşdırılması, əldə edilən nailiyyətlərin təbliği və vətəndaşlıq ruhunun inkişafına kömək edir (1).

Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, həm də müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət etibarilə yeni bir mərhələyə yüksəldilib. Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu uğurlu gənclər siyasətinə sadiqlik nümayiş etdirərək bu istiqamətdə əhəmiyyətli qərarlar qəbul edib. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Dövlət Başçısının qərarı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” kimi qeyd edilib. Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb (5).

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan gəncliyinin bu günü və sabahı etibarlı əllərdədir və biz sabaha böyük inamla baxırıq.

İstifadə olunan ədəbiyyatlar:

  1. Azərbaycanın ictimai həyatında gənclərin iştirakı. Bakı: “Sant-Peterburq”, 2012, 100 s.
  2. Cəfərov H. Heydər Əliyev və Azərbaycan gəncliyi // “Palitra” qəzeti, 6 aprel 2013, № 59, s. 7.
  3. Əliyev A. Gənclərin hamisi // “Xalq” qəzeti, 12 may 2020, № 91, s.5.
  4. Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi. Bakı: “QAPP-POLİQRAF” Korporasiya, 2003, 368 s.
  5. Mirbəşiroğlu E. Ulu öndər Heydər Əliyev gəncliyimizin xilaskarıdır // “Yeni Azərbaycan”, 2 fevral 2010, № 19, s.5.
  6. Xalqqazeti.com/az/news/36311

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi: Fidan Kazımzadə