"Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi baxışı"

"Heydər Əliyevin 20 Yanvar hadisələrinə siyasi baxışı"

Xalqların, ölkələrin tarixində zaman-zaman elə hadisələr baş verir ki, heç vaxt yaddan çıxmır, insanların qan yaddaşına çevrilir, cəmiyyətin sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrini birləşdirir. Azərbaycan xalqı üçün belə hadisələrdən biri 1990-cı ildə baş verən 20 Yanvar faciəsidir.

1980-ci illərdə SSRİ üçün həm iqtisadi, həm də siyasi çətinliklər başlamışdı. M.Qorbaçovun başçılığı ilə aparılan bir sıra islahat tədbirləri bu çətinliklərə çarə olmamış, yarımçıq qalmışdı. Bu şərait isə zəngin təbii sərvətləri olan Azərbaycanın talan edilməsinə yol açmışdı. Xalq uzun müddət davam edən təzyiqdən yorulmuş, meydanlarda “Azadlıq” şüarını səsləndirməyə başlamışdı. Ermənilərin tarixi Azərbaycan torpaqlarında, Qarabağda və sərhəd bölgələrində Azərbaycan xalqına qarşı tətbiq etdiyi qəddarlıqlar nəticəsində məcburi köçkünlər olmuşdu. Belə bir şəraitdə Moskvanın da ermənilər lehinə mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi.

Azərbaycan xalqı sovet höküməti tərəfindən özünə göstərilən tamamilə haqsız münasibətə qarşı Bakı şəhərinin ətrafında barrikadalar quraraq etiraz edəcəyini bildirmişdi. Yenə 18 yanvar 1990-cı il tarixində Bakı və digər bölgələrdə böyük yürüşlər təşkil edilmiş, artıq respublika miqyasında ümumi bir tətil elan olunmuşdu. Belə şəraitdə sovet rejimi 1990-cı ilin 19 yanvar günü Bakıda fövqəladə vəziyyət elan etdi. Bu barədə əmrin gecə yarısı həyata keçirilməsi gözlənilərkən hələ saat 20:00 olmadan Azərbaycan Televiziyası SSRİ xüsusi təyinatlıları tərəfindən partladıldı. Məqsəd xalqa xəbər vermədən onlara silahlı hücum etmək, küçədəki insanları qətlə yetirmək idi (6). Beləliklə soyuq 20 yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri – Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi.

Xüsusi qəddarlıqla törədilən kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi (2).

20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi (4).

Qanlı 20 Yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə, hadisəyə reaksiya bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin ən faciəvi günlərdən birini yaşayan Azərbaycan xalqının acısına şərik çıxması onun öz xalqına olan sonsuz məhəbbətinin ifadəsi idi. Heç şübhə yoxdur ki, 20 Yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlardan biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdı. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

Faktlar imperiya qüvvələrinin yanvarın 20-də törətdikləri qırğınların geniş miqyasını və xüsusi qəddarlıqla həyata keçirildiyini təsdiqləyir. Bununla belə, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirirdi. Baş verənlər Azərbaycanın mərd oğul və qızlarının iradəsini, azadlıq sevgisini, Vətənə olan bağlılığını qətiyyən qıra bilmədi. Törədilən faciə insanları daha da birləşdirdi (1).

Heydər Əliyev 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 31 yanvar 1997-ci il tarixində Ulu Öndər Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirmişdir : “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”. Ümummilli Lider hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir (5).

“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında ulu öndər Heydər Əliyev 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş insanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdi. Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi Məşəl” abidə-kompleksi də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib (4).

16 dekabr 1999-cu il tarixində Heydər Əliyev 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında fərman imzalayaraq bu günün xatirəsinə dövlət səviyyəsində lazımi hazırlıq və mərasimlərin keçirilməsi barədə göstəriş vermişdir (6). Ulu Öndər şəhidləri və şəhid ailələrini də heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər Xiyabanını ziyarət edən Heydər Əliyev şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Ulu Öndər bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Heydər Əliyev bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdi.

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazdı. Bakıda baş verən faciə Azərbaycanın oğul və qızlarının öz Vətənlərini necə böyük məhəbbətlə sevdiklərini, azadlığı öz həyatlarından belə yüksəkdə tutduqlarını bütün dünyaya göstərdi. İllər ötsə də, həmin tarix bizə qətiyyən uzaq görünmür, əksinə, xalqımız şəhidlərimizin xatirəsini həmişə böyük minnətdarlıq hissi ilə yad edir.

İstifadə olunan ədəbiyyatlar:

  1. Abdullayev M. 20 yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir // “Yeni Azərbaycan” qəzeti, 19 yanvar 2019, № 12, s.2.
  2. Feyziyev C. 20 Yanvar – Xalqımızın azadlıq arzusunun, müstəqillik uğrunda mübarizəsinin yenilməzlik günü // “Xalq” qəzeti, 20 yanvar 2018, s. 1,3.
  3. Hacalıyev E. Milli azadlıq hərəkatının zirvəsi // “Azərbaycan” qəzeti, 20 yanvar 2016, № 13, s. 4.
  4. anl.az/down/meqale/azerbaycan/2010/yanvar/104406.htm
  5. lib.aliyev-heritage.org/az/5649464.html
  6. muallim.edu.az/news.php?id=3927

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi: Fidan Kazımzadə