"Azərbaycanın ordu quruculuğunda Heydər Əliyevin rolu"

"Azərbaycanın ordu quruculuğunda Heydər Əliyevin rolu"

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan Silahlı Qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlarından kənarlaşdırması oldu. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.

Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi.

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, Sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi (4).

Hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyi təşkil etdi (1). Ötən illər ərzində minlərlə gənc bu məktəbi bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə almışlar (2).

Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqrım tətbiq etdilər, sonra isə Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalına başladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər ümummilli lider Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu sözlərin doğru olduğunu Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi vaxt, sonra Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna işlərlə sübut etdi (4).

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdərkən artıq Ermənistan ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Məhz belə şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi (1).

Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla AXC dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – iyunun 26-sı Azərbaycan Respublikasının Silahl Qüvvələr Günü elan edilmişdir (1).

Məhz ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar (3).

Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunun dövlət quruculuğunun prioriet istiqamətinə çevrilməsi bu prosesin ahəngdarlığına və səmərəliliyinə zəmin yaratmışdır (5). Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır (6).

İstifadə olunan ədəbiyyatlar:

  1. Xilaskar (Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunub). Bakı: “MTR” group mətbəəsi, 2014, 242 s.
  2. Mirzəzadə Aydın. Güclü və modern Azərbaycan ordusu Heydər Əliyev siyasətinin nəticəsidir // “Azərbaycan”, 11 aprel 2011, № 76, s. 2.
  3. Rüstəmov İbrahim. Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur // “Respublika”, 12 dekabr 2009, № 270, s. 7.
  4. Süleymanov Mehman. Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu // “Azərbaycan ordusu”, 2 may 2018, № 33, s. 1-3.
  5. Süleymanov Mehman. Azərbaycan Silahlı Qüvvələri – 100 // “Xalq qəzeti”, 26 iyun 2018.
  6. Customs.gov.az/az/xebrler/620_26-iyun-silahlı-quvveler-gunudur/

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi - Kazımzadə Fidan