"Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti"

"Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti"

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, о cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: «Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. Birinci Dünya Müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərmişdir”(1).

Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında demişdir: «Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü» (4).

AXC ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. AXC-nin yaranması ilə milli dövlət quruculuğumuz bərqərar edilmişdir. Cümhuriyyətin yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacinskinin, S.Mehmandarovun və digər milli istiqlal təbliğatçılarımızın çox böyük rolu olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü ilə bağlı tədbirdə Heydər Əliyev AXC rəhbərlərinin siyasi fəaliyyətini xüsusi vurğulayaraq demişdir: «Onlar öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addımlar atdılar. Xalqımıza müstəqillik ənənələri qoyub getdilər»(3).

AXC-nin mövcudluğu ilə dövlətçilik tariximizdə ilk dəfə demokratik prinsiplər əsasında fəaliyyət göstərən müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu. AXC-nin yaranması ilə Azərbaycanın ilk parlamenti və höküməti, dövlət aparatı təşkil edildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk Universiteti təsis olundu.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyətini də yüksək qiymətləndirmişdir: «Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yarat- maq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır» (2).

Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdu. İş о yerə gəlib çıxmışdı ki, Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi yasaq olunmuşdu. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev qeyd etmişdi: «Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır»(6).

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun obyektiv səbəblərinin təhlilini verən Heydər Əliyev qeyd edirdi ki, güclü xarici müdaxilələrə məruz qalan Xalq Cümhuriyyəti belə şəraitdə yaşaya bilməzdi. Ümummilli Lider vurğulayırdı ki, Xalq Cümhuriyyətinin süqutu onun rəhbərlərinin günahı deyil, Cümhuriyyətin süqutunun əsas səbəbi Sovet Qırmızı Ordusunun Azərbaycana daxil olması və Cənubi Qafqazı işğal etməsi idi(4).

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət verərək demişdir: «1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir» (5).

Ümummilli lider Heydər Əliyevin SSRİ dövründə Respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirmiş, müstəqillik arzularınının güclənməsinə və yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.

İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə AXC-nin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Eyni zamanda cənab Prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdi.

İstifadə olunan ədəbiyyatlar:

  1. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı // “Azərbaycan” qəzeti, 27 mart 1998.
  2. Əliyev H. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır // “Azərbaycan” qəzeti, 28 may 1997.
  3. Əliyev H. Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyi əbədi, daim olacaqdır // “Respublika” qəzeti, 18 oktyabr 2001.
  4. Əliyev H. Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu, demokratiya və bazar iqtiadiyyatı yolu ilə inamla irəliləyir // “Respublika” qəzeti, 18 oktyabr 2002.
  5. Əliyev H. Xalqımızın birliyi və dövlətimizin düzgün siyasəti sayəsində müstəqilliyimizi qoruyub saxlayacaq, daha da möhkəmləndirəcəyik // “Azərbaycan” qəzeti, 28 may 1998.
  6. İsgəndərov A. Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti // “Xalq” qəzeti, 9 may 2017, №98, s.9.

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi - Fidan Kazımzadə