Qusar rayon Heydər Əliyev Mərkəzinin I mərtəbəsində Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən Muzey yerləşir. Muzeydə 118 fotoeksponat və sənəd mövcuddur. Burada 8 foto-eksponat stendi və 8 lövhə vardır.

Birinci stend - “Böyük Həyatın Astanasında”

Ümummilli liderimizin uşaqlıq və gənclik illərinə həsr olunub. Burada onun ailə üzvləri, tələbə yoldaşları və dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrü əks edən eksponatlar nümayiş olunur.

İkinci stend - “Sovet Azərbaycanını Yüksəldən Rəhbər”

1969-cu ildə ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edir. Bu dövrdə Azərbaycanın bütün sahələrində misilsiz inkişaf əldə olunmuş, respublikamız keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxmışdır. Eksponatlarda ümummilli liderimizin pambıq tarlalarında, çay plantasiyalarında, fabrik və zavodlarda işçilərlə olan görüşləri əks olunur.

Üçüncü stend - “Dünya Şöhrətli Lider”

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanı iqtisadi və siyasi cəhətdən güclü bir dövlətə çevirməyə nail oldu. Bu eksponatlar ümummilli liderimizin beynəlxalq aləmdəki nüfuzuna, Avropa Parlament Assambleyasının sammtlərində və Avropa Şurası kürsülərində etdiyi çıxışlara aiddir.

Dördüncü stend - “Ulu Öndərimizin Yaratdığı Keçmişin, Bu Günün, Gələcəyin Partiyası”

Yeni Azərbaycan Partiyası 1992-ci ildə Naxçıvanda təsis olunmuşdur. Stenddə partiyanın 10 illik yubileyinə, qurultaylarına, hazırki Prezidentimiz İ.Əliyevə YAP-ın üzvlük vəsiqəsinin təqdim olunmasına və H.Əliyevin prezident seçildiyində andiçmə mərasiminə aid eksponatlar yerləşir.

Beşinci stend - “Ordu Quruculuğu”

Müstəqilliyin qorunmasında güclü ordunun vacibliyini anlayan dahi siyasətçi hər zaman hərbçilərlə görüşmüş, səngərlərdə onlara verilmiş xüsusi tapşırıqların gedişatına nəzər salmışdı. H.Əliyev həmçinin ordu quruculuğunda da bir çox islahatlar aparmışdı.

Altıncı stend - “Əsrin Müqaviləsi”

Dövlətimizin əldə etdiyi müstəqilliyin qorunmasında əsas şərtin onun iqtisadi və siyasi cəhətdən möhkəmlənməsini bilən ümummilli lider 1994-cü il, 20 sentyabrda “Əsrin müqaviləsi” neft kontraktına imza atdı. Buradakı eksponatlar yeni neft yataqlarının aşkarlanması, neftin dünyaya inteqrasiyası və H.Əliyevin dünya liderləri ilə olan görüşlərini əks etdirir.

Yeddinci stend - “Heydər Əliyev Azərbaycan Mədəniyyətinin Hamisi”

Bu stenddə H.Əliyevin elmə, mədəniyyətə, təhsilə olan diqqət və qayğısı əks olunub. Eksponatlarda H.Əliyevin müxtəlif sənət adamları, şair və yazıçılarla olan görüşləri əks olunub.

Səkkizinci stend - “Heydər Əliyev və Qusar”

Bu stend H.Əliyevin 1998-ci il, 3 oktyabrda Qusara səfəri ilə bağlıdır. Bu eksponatlar Qusar camaatının H.Əliyevi necə sevinc və sevgi ilə qarşılamasına bir sübutdur.