Ermənistan təcavüzünün nəticələri

Quba genosidi və qusarlılar

1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri qırğınlar XX əsrin əvvələrində həyata keçirilmiş ən dəhşətli soyqırımlardan biri kimi tarixə düşüb.

Tarixçilərin “Quba genosidi” adlandırdıqları qırğınlar zamanı işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıtmış, onlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 min nəfərdən çox müsəlmanı – ləzgiləri, azərbaycanlıları, tatları və başqalarını qətlə yetirmişlər.

İşğalçıların təpədən-dırnağadək silahlanmasına, sayca qat-qat çox olmasına baxmayaraq, yerli əhali düşmənə qarşı qəhrəmancasına mübarizə aparırdı. Mübarizənin aparıcı qüvvəsi Qusarın Cağar kəndindən olan Hatəm ağanın və Kuzun kəndindən olan Möhübəli əfəndinin döyüşçü dəstələri idi.

1918-ci ilin may ayında Qubanın Digah kəndi ərazisində, indi “Qanlı dərə” adlanan yerdə düşmənin darmadağın edilməsində qusarlılar xüsusilə böyük qəhrəmanlıqlar göstərmişlər.

2009-cu ilin sentyabrın 18-də Qusar şəhərində hökümət tərəfindən “Qanlı dərə” qəhrəmanlıların şərəfinə möhtəşəm abidə ucaldıldı.

Ötən əsrin 80-ci illərinin sonunda erməni qəsbkarları Qarabağ müharibəsini başladılar və Azərbaycanda on minlərlə dinc əhalini məhv etdilər.

Qusar rayonundan yüzlərlə gənc Qarabağ müharibəsində könüllü iştirak etmişdir. Onlar Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünün qorunub saxlanması uğrunda fəal mübarizə aparmışlar. Qusar Qarabağ savaşında 62 şəhid vermişdir.

Fəxrəddin Musayev - Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. O, sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmiş, 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub.

Sərvər Abdulkərimov, Sərhəd Zöhrəbəyov, Adil Camalov, Vüqar Hacıyev kimi vətən uğrunda canlarından keçmiş igidlərin əziz xatirəsi xalq tərəfindən hörmətlə anılır.

Müharibədə uğurlu əməliyyatlardan birinə rəhbərlik etmiş briqada komandiri Şair Ramaldanova Ali Baş Komandan Heydər Əliyevin əmri ilə vaxtından əvvəl polkovnik rütbəsi verilmişdir. Əməliyyat zamanı Ş. Ramaldanovun rəhbərləyi ilə briqada 30 kilometr irəliləmiş və qonşu hərbi hissələrlə birlikdə 22 kəndi və o cümlədən Horadiz qəsəbəsini erməni işğalçılarından azad etmişdir.

Qarabağ müharibəsi iki ləzgi generalı yetişdirmişdir. Onlardan biri general-mayor Qazıbəy Qurbanov, o biri isə general – leytenant Yaşar Aydəmirovdur.

Çingiz Qurbanov - Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən 2016-ci il dekabrın 29-da şəhid olmuşdur. Onun nəşi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Yeni tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş qəhramanlar arasında qusarlı gənclər də öz şücaətlərini göstərmişdir. Bunlar arasında bir neçə igid oğlumuzun adını çəkmək olar.

Əmiraslan Xeyirbəyov - 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Əmiraslan Xeyirbəyov doğulduğu Qusar rayonunun Caqarqışlaq kəndində son mənzilə yola salındı.