Yaxın mədəniyyət müəssisələri

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı

Quba Heydər Əliyev Mərkəzinin yerləşdiyi və ulu öndər Heydər Əliyevin Abidəsinin ucaldığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 1998-ci ildə, ümummilli liderin anadan olmasının 75 illik yubileyi günündə istifadəyə verilmişdir. Ötən müddət ərzində park şəhər əhalisinin sevimli istirahət güşələrindən birinə çevrilmişdir. Aparılan yenidən qurma işləri nəticəsində park daha da müasirləşmiş və gözəlləşmişdir. Burada müasir işıqlandırma sistemi yaradılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir. Parkda ulu öndər Heydər Əliyevin Abidəsinin yaxınlığında təbii və dekorativ daşlardan istifadə olunmaqla möhtəşəm şəlalə kompleksi yaradılmışdır.

Bayraq Muzeyi

Quba Heydər Əliyev Mərkəzinin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Bayraq muzeyi də fəaliyyət göstərir. Bayraq muzeyi 7 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılmışdır. Muzeyin binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, 19-cu əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın sovet və müstəqillik dövründə qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.

Gənclər Mərkəzi

Quba Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Gənclər Mərkəzi fəaliyyət göstərir. 18 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın açılışında iştirakı ilə fəaliyyət göstərir. Mərkəzin 3258 kv.metr sahəsi olan iki mərtəbəli Gənclər Mərkəzində gənclərin hərtərəfli inkişafı üçün hər bir şərait vardır. Burada gənclərin sağlam həyat tərzi, məşğulluq, yaradıcılıq, ictimai həyatda iştirakı, vətənpərvərlik tərbiyəsi, ordu quruculuq sahəsində mühim tədbirlər keçirilir.

Yaşıl teatr

Quba Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən mədəniyyət müəssisələrindən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Yaşıl teatrdır.

Yaşıl teatr 18 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın açılışında iştirakı ilə fəaliyyətə başlamışdır. Burada həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlər həyata keçirilir. Yaşıl teatrın tamaşa zalı 1000 nəfərlikdir. Yaşıl teatrda ən son texnologiyalarla təchiz olunan səs və işıq sistemləri quraşdırılmışdır.