Heydər Əliyev və Quba

Heydər Əliyev və Quba

“Qubanın zəngin, qədim tarixi var. Quba həm coğrafi mövqeyinə görə, həm təbiətinə görə, həm də tarixi ənənələrinə görə Azərbaycanın keçmişində də, bu günündə də çox mühüm yer tutur, böyük rol oynayır. Qubanın tarixində Azərbaycanın, Azərbaycan xalqının çox parlaq səhifələri həkk olunubdur”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğma diyarımız Quba, onin tarixi haqqında söylədiyi fikirlər bütün qubalılarda böyük iftixar və qürur hissi yaradır. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Qubaya, qubalılara böyük qayğı göstərmişdir. Məhz onun təşəbbüsü ilə 1974-1975-ci illərdə respublikamızda bağçılığın inkişaf etdirilməsi ilə bağlı üç mühüm qərar qəbul edilmişdir ki, həmin qərarlara uyğun olaraq rayonumuzda 15 min hektara yaxın yeni tipli meyvə bağları salınmışdır və həmin bağlar indi rayon iqtisadiyyatının əsasını təşkli edir. Məhz Ulu Öndərin şəxsi qayğısı ilə Qubada bir sıra ümumtəhsil məktəbləri, 130 yerlik doğum evi, çox mərtəbəli yaşayış evləri, konserv zavodları, emal müəssisələri, möhtəşəm mədəniyyət sarayı, Olimpiya idman kompleksi və rayon üçün böyük əhəmiyyət kəsb edən bir sıra obyektlər tikilib istifadəyə verilmişdir.

İlk dəfə Heydər Əliyev 1967-ci ildə DTK-nin sədri vəzifəsində işləyərkən Qubaya gəlmişdir. O vaxt Quba rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə yuxarıların təsdiq etdiyi namizəd seçilə bilmirdi. Məhz Ulu Öndərin iştirakı ilə keçirilən bu yığıncaqda yuxarıların yox, xalqın istədiyi namizəd sədr seçilmişdir. Bu konfrans barədə məlumat isə “Qoy ədalət zəfər çalsın” adlı məqalə ilə respublika mətbuatında dərc olunmuşdur.

1983-cü ildə isə SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini işləyərkən ulu öndər Heydər Əliyev Qubaya səfər etmiş və qubalılara mehriban və səmimi görüşlər keçirmişdir. O, bu səfəri zamanı vaxtılə özünün təşəbbüsü ilə salınmış meyvə bağlarında olmuş, kənd əməkçiləri, eləcə də Qubanın ağsaqqalları, veteranları, ziyalıları ilə unudulmaz görüşlər keçirmişdir.

3 oktyabr 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyev Qubaya yenidən səfər etmişdir. Həmin səfər Qubada böyük bayrama çevrilmiş, Quba şəhərinin girəcəyindən mərkəzinə qədər olan bütün küçələrdə on minlərlə insan Ulu Öndəri böyük hörmət və məhəbbətlə qarşılamış, şəhərin mərkəzi meydanında onunla yüksək səviyyəli görüşlər keçirilmişdir.

"Quba Azərbaycanın gözəl, qədim bir diyarıdır. Qubanın zəngin, qədim tarixi var. Quba həm coğrafi mövqeyinə görə, həm də tarixi ənənələrinə görə Azərbaycanın keçmişində də, tarixində də, bu günündə də çox mühüm yer tutur, böyük rol oynayır"

ümummilli lider Heydər Əliyev

Qubaya səfərindən bir neçə gün sonra ulu öndər Heydər Əliyev 1998-ci ilin sentyabrında Bakıda keçirilən Azərbaycan Qadınlarının I Qurultayında Quba rayonundan olan qadınlarla xatirə şəkli çəkdirmişdir.

Bağlar diyarı Quba ulu öndər Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyevin qayğı və diqqətiylə özünün yüksək sosial-iqtisadi inkişaf dövrünü yaşayır.
Ötən ilin oktyabrında biz qubalılar Prezident seçildiyi 15 ildə Cənab Prezidentlə 11-ci dəfə görüşdük. Möhtərəm Prezidentimizin və Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qubalılara göstərdiyi diqqət və qayğısının bir daha şahidi olduq. Cənab İlham Əliyev və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin rəhbərliyi ilə Qubada həyata keçirilən tədbirlərdən, Qubanın sosial-iqtisadi inkişafından çox razı qaldıqlarını bildirdilər, bir sıra obyektlərin açılışlarında iştirak etdilər. Elə həmin gün də qubalılar möhtərəm Prezidentimizin doğma Qubamıza olan böyük hörmət və məhəbbətinin, diqqət və qayğısının şahidi oldular. Prezident İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsi, yol tikintisinin aparılması, yeni ümumtəhsil məktəbinin tikilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 4 mühim sərəncam imzaladı.

Biz qubalılar da cənab İlham Əliyevə, Azərbaycan xalqının yeganə, hamı tərəfindən qəbul olunan liderinə, dövlətimizin nüfuzlu rəhbərinə sonsuz hörmət və məhəbbət bəsləyirik və həmişə onun yanındayıq.