Xocalı faciəsi bütün dünyaya çatdırılır

Xocalı faciəsi bütün dünyaya çatdırılır

24 fevral 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzi və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi bütün dünyaya çatdırılır” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Asan Xidmət Mərkəzinin əməkdaşları və könüllüləri, Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri, mədəniyyət işçiləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açmış və Ulu Öndər Heydər Əliyevin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçılarının canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Mərkəzin elmi işçisi Natəvan Nuhbalayeva “ Xocalı faciəsi bütün dünyaya çatdırılır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, bu gün XX əsr dünya tarixinin ən qəddar soyqırım aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Xocalı faciəsinin bütün dünyaya çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu faciənin bütün dünyaya çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır.

Quba Asan Xidmət Mərkəzinin əməkdaşı Vəfa Rüstəmova çıxış edərək qeyd etdi ki, Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu, bizim qan yaddaşımızdır, qan yaddaşımıza yazılan bir faciədir. Gənclərimiz Xocalı faciəsini unutmamalı və bütün dünyaya çatdırmalıdırlar.

Tədbir iştirakçılarından Kamilə Hüseynova, Nüranə Müslümova, könüllülərdən Nərmin Məhərrəmova, Alidə Nadirova və başqaları çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ərazilərimiz işğaldan azad ediləcək, qatillər öz layiqli cəzalarını alacaqlar.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı”sənədli filminə və Xocalı faciəsinə həsr olunmuş sərgiyə tamaşa etmişlər.