Azərbaycan sülhü dəstəkləyir

Azərbaycan sülhü dəstəkləyir

11 sentyabr 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzinin və Quba Asan Xidmət mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə keçirilən “Sülh aylığı” ilə əlaqədar “Azərbaycan sülhü dəstəkləyir!” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Elza orucova qeyd etdi ki, “Sülh aylığı” ilə əlaqədar keçirilən bu günki tədbirimizdə ilk növbədə onu qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikası həqiqətən bütün dünyada sülhü dəstəkləyir, münaqişələrin həllini sülh yolu ilə həll etməyə çalışır. 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən atəşkəs sazişinin imzalanması, əzəli torpaqlarımızın məhz sülh yolu ilə qaytarılmasına səy göstərilməsi, Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sülh mədəniyyətində yürütdüyü siyasət ölkəmizin apardığı və bütün dünyaya elan etdiyi sülhsevər siyasətdir. Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini hər birimiz yüksək qiymətləndirməliyik.Bu günün keçirilməsinin əsas mahiyyəti, sülh dialoqu və sülh prosesinə dəstək verilməsidir.

Sülh mədəniyyətinin təbliğində, insan hüquqlarının müdafiəsində bütün vətəndaşlarımız, o cümlədən, gənc nəsil yaxından iştirak etməlidir.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, BMT-nin qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixi bütün dünya ölkələrində Beynəlxalq Sülh günü kimi qeyd olunur. Müvəkkilin təşəbbüsü ilə hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığı”nın, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasından ibarətdir.

Quba Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin baş məsləhətçisi Qənbər Abdullayev çıxış edərək qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz tolerantlıq məkanı kimi dünyada nüfuz qazanmış, multikultural dəyərlərə malik, nümunəvi dövlət kimi xalqımızın sülhpərvər dəyərlərini dünyaya çatdırır. Bizim hər birimizin borcu ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən böyük quruculuq işlərini, ölkəmizin sülhsevər siyasətini xalqımıza, gənc nəslə çatdırmaqdır.

Quba Asan Xidmət mərkəzinin könüllüsü Kəmalə Xudaverdiyeva sülh mədəniyyəti və tolerantlıqla bağlı rayonumuzda həyata keçirilən əhəmiyyətli layihələrdən söhbət açdı və qeyd etdi ki, sülh mədəniyyətinin təbliğində, insan hüquqlarının müdafiəsində bütün vətəndaşlarımız, o cümlədən, gənc nəsil yaxından iştirak etməlidir.

Dəyirmi masada Rübabə Hacıyeva, Günel Novruzova, Gülnarə Rəhimova, Könül Allahverdiyeva və başqaları çıxış edərək bu aylığın keçirilməsinin əhəmiyyətindən və sülh mədəniyyətinin, sülhsevər siyasətin vacibliyindən ətraflı söhbər açdılar.