Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında ələ keçirdikləri kütləvi etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılmış, Quba şəhərinin özü talanlar və yanğınlara məruz qalmış, qəzanın 16.782 nəfər əhalisi kütləvi surətdə qətllərlə üzləşmişdir. 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazantılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur.

Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırım memorial kompleksi”nin yaradılmasına qərar verilmişdir.

Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilmiş və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə açılmışdır.

Abidə 3 hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, eləcə də ortasında xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrını təcəssüm edir. Iti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğundan xəbər verir. Abidə bütövlükdə brutto-betondan hazırlanmış, əsas zaldakı xatirə daşında sadə rəngli qranitdən istifadə edilmişdir. Yaşanmış hadisələrin miqyası, ağırlığı və acılığından memarlar faciə qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq hər hansı dekorasiyadan və bəzək-düzəkdən imtina etmiş, matəm sükutunu təmkinlə təcəssüm etməyə çalışmışlar.

31 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Quba rayonunda Azərbaycanlıların Soyqırımının 100 illiyinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Anım tədbirində Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Əli Həsənov, Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın institut direktorları, professor və əməkdaşları, Türk Tarix Qurumu Erməni Araşdırmaları Mərkəzinin başqanı Kemal Çiçək, Respublikamızdakı dini konfessiyaların rəhbərləri, Prezident Administrasiyası, Milli Məclis, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Memarlar İttifaqı, Dünya azərbaycanlılarının mədəniyyət mərkəzi və Qeyri-Hökumət Təşkilatlarından nümayəndələr, Türkiyə və Küveytin ölkəmizdəki səfirləri, rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, 2000 nəfərə yaxın rayon sakini və respublikamızın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak etmişdir.

“Soyqırımı memorial kompleksi”də “Soyqırımların dərsləri” mövzusunda Beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransdan əvvəl “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgi və azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisi təşkil edilmiş, konfransın açılışından sonra “Quba Soyqırımı” filmi nümayiş olunmuşdur. Konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Məclisin deputatı Yevda Abramov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Türk Tarix Qurumu Erməni Araşdırmaları Mərkəzinin başqanı Kemal Çiçək, Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi çıxış etmişdir.

31 mart 2019-cu il tarixdə Qubada azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir təşkil olunmuşdur. Öncə tədbir iştirakçıları Quba şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət etmişlər. Ardınca Quba Soyqırım Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və beynəlxalq konfrans keçirilmişdir.

Tariximizin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma, işğala məruz qalan Azərbaycan xalqı 1988-ci ildən başlayaraq yenidən ermənilərin soyqırım və etnik təmizləmə siyasətinə məruz qaldılar. Torpaqlarımızın müdafiəsində, 20 yanvar hadisələrində, Qarabağ döyüşlərində yüzlərlə insan şəhid oldu. Ermənistana qarşı döyüşlərdə qubalılarda mərdliklə vuruşmuş, vətən yolunda canlarından keçmişlər.

Quba rayonunda şəhidlərin sayı 277 nəfər, itkin düşənlərin sayı isə 62 nəfərdir. 1988-ci ildən təyarə qəzasında 12 nəfər qubalı həlak olmuşdur. 20 yanvar hadısələrində 4 nəfər qubalı həlak olmuşdur ki, onlardan Y.Hüseynov və E.Qeybullayev Qubada dəfn olunmuş, M.Həsənov və M.Qəniyev isə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfin olunmuşlar.

Əslən Quba rayonundan olan Albert Aqarunov və Rafiq Nəsrəddinov Azərbaycanın Milli Qəhrəmanıdırlar.

Quba şəhərində Şəhidlər Muzeyi fəaliyyət göstərir. Buradakı Şəhidlər Xiyabanını hər il yüzlərlə insan ziyarət edir.