Quba rayonu haqqında məlumat

Quba rayonu haqqında məlumat

Yaşı ilk orta əsrlərə gedib çıxan Quba rayonunun tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir.Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba rayonu olmuşdur.

Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi. Qədim tarixə malik olan Quba abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr və kurqan, o cümlədən İskəndərtəpə və Şiştəpə kurqanları, kəndin ətrafında Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl I minilliyə, tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində Gültəpə, Çarıqtəpə və Pirtəpə kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, gümbəzli hamam vardır.

Bundan başqa rayonun Zıxır kəndində Yeddilər qalası, Alpan kəndində Alpan şəhərgahı, Digah kəndində Salmantəpə, İbrahimxəliltəpə, İlanlıdərə qədim yaşayış məskənləri, Xucbala kəndində Xucbala nekropolu, Qartal təpəsi, Quba şəhərinin ətrafında Sandıqtəpə, Çartəpə kəndində Qayatəpə qədim yaşayış məskəni, Rustov kəndində Günaytəpə və nekropollar, Söhüb kəndində qədim qala və yeraltı yol, bundan başqa rayon ərazisində çoxlu sayda məscid və türbələr, arxeoloji abidələr, qüllələr və müxtəlif tarixi abidələr mövcuddur.

Rayonda Ulu Öndər Heydər Əliyevin, A.A.Bakıxanovun, N.Gəncəvinin, M.U.Lermontovun, V.V.Mayakovskinin heykəlləri və büstləri qoyulmuşdur. Qubada bir sıra görkəmli şəxsiyyətlər yetişmişdir. Görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, Azərbaycanın ilk dramaturq qadını Səkinəxanım Axundzadə, məşhur astronom Nadir İbrahimov, Azərbaycanın ilk rəsam qadını Reyhan Topçubaşova, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı lauriatı Əliheydər Orucov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova, akademik Azad Nəbiyev, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, meyvəçi-alim Əliqulu Nərimanov, əməkdar artist Fatma Mehrəliyeva, xalq artistləri Zümrüd Məmmədova və Afaq Bəşirqızı nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda belə tanınmışlar.

Ərazisi 2,61 min kv.km, 01 yanvar 2019-cu il tarixə əhalisi 171,638 min nəfərdir. 2009-cu ildə keçirilmiş siyahıyaalınmaya əsasən əhalinin 79,2%-ni azərbaycanlılar, 9,1%-ni tatlar, 5,9%-ni ləzgilər, 1,8%-ni yəhudilər, 1,4%-ni xınalıqlılar, 1,4%-ni türklər, 0,5%-ni qrızlılar və 0,7%-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər, 7 qəsəbə və 149 kənd vardır. Əhalisinin çoxu (təxminən 76 %) kəndlərdə yaşayır. İri yaşayış məntəqələri Quba şəhəri, Qırmızı Qəsəbə, Qonaqkənd, Zərdabi qəsəbələri, Birinci Nügədi, İkinci Nügədi, Alpan, Alekseyevka, Vladimirovka, Amsar, Digah, Timiryazev, Qəçrəş kəndləridir.

Quba rayonunda azərbaycanlılar, ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatlar, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, yəhudilər, xınalıqlılar, qrızlılar mehribanlıq şəraitində yaşayırlar. Quba rayonu ərazisində Heydər Əliyev Mərkəzi, Quba Soyqırım Memorial Kompleksi, A.A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi, A.A.Bakıxanovun memorial ev muzeyi, Şəhidlər muzeyi, 17 mədəniyyət evi, 64 klub, 86 kitabxana, tarixi abidə mühafizəçiləri qrupu, turizm informasiya mərkəzi, şəhər mədəniyyət və istirahət parkı, uşaq incəsənət və uşaq musiqi məktəbi fəaliyyət göstərir.