Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Heydər Əliyev Azərbaycan tarixinin bütün dünyaya bəxş etdiyi ən nadir simalardan biri, adı türk dünyasının salnaməsinə qızıl hərflərlə yazılmış nəhəng şəxsiyyətdir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona digər insanlardan fərqli olaraq bir çox üstünlüklər bəxş etmişdi: gələcəyi dəqiq müəyyənləşdirən intuisiyası, tarixin nizamını düzgün məcraya yönəltmək bacarığı, iti ağıl və təfəkkürü, güclü dövlətçilik duyğusu, çevik və ağıllı idaretmə məharəti, insanların qəlbinə yol tapmaq və onları ələ almaq təcrübəsi və öz vətənini ürəkdən sevməsi.Bir sözlə Heydər Əliyev güclü dövlətçilik və azərbaycançılıq idealarını özündə birləşdirən və dövləti cəsarətlə idarə edən bir şəxsiyyət idi. Bütün fəaliyyət və bu keyfiyyətləri ilə Heydər Əliyev Azərbaycan xalqı üçün ən vacib olan müstəqilliyi və əbədi azadlığı qoyub getdi.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdəti olan dövlətçilik və azərbaycançılıq ideyalarını birləşdirdi. Daim xalqı ilə yaşayıb nəfəs alan ölməz şəxsiyyət bu yolda öz ömrünü şam kimi əritdi. Məşhur kəlamı – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” onun həyatının meyarı oldu. İndi bu sözlər Azərbaycanda milyonlarla insanın, hər bir Azərbaycan vətəndaşının, o cümlədən qubalıların duyduğu dərin mənalı bir kəlamdır.

Böyük iftixar hissilə qeyd etmək lazımdır ki, qubalılar da həmişə ulu öndərə böyük məhəbbət və rəğbət bəsləmişlər. Hələ Ulu Öndərin sağlığında, onun anadan olmasının 75-ci ildönümü şərəfinə Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkı salınmış, iki muzey yaradılmışdır. Hal-hazırda həmin muzeylərin biri YAP Quba rayon təşkilatında, o biri isə Quba şəhər 2 saylı orta məktəbində fəaliyyət göstərir. Qürurla qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyevin sağlığında, onun anadan olmasının 75 illiyi şərəfinə 1998-ci ildə istifadəyə verilən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının və 2 Heydər Əliyev Muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.

Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra Respublikamızda ilkinlərdən biri olaraq 25 iyul 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı və xeyir duası ilə Qubada Heydər Əliyev Muzeyi (Mərkəzi) fəaliyyətə başlamışdır. Muzeyin rəy kitabında Prezident cənab İlham Əliyev aşağıdakı ürək sözlərini qeyd etmişdir: “Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış oldum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti burada nümayiş etdirilən şəkillərdə əks olunur. Heydər Əliyev müxtəlif dövrlərdə Qubada dəfələrlə olmuş və çoxsaylı görüşlər keçirmişdir. O, Azərbaycanın qədim şəhəri olan Qubaya və qubalılara həmişə böyük diqqət göstərirdi. Heydər Əliyevin siyasəti bu gündə yaşayır və əbədi yaşayacaqdır”.

Muzeyin Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik və azərbaycançılıq irsinin öyrədilməsi sahəsindəki fəaliyyəti və qubalıların, xüsusilə gənclərin Ulu Öndərin irsinə artan marağı nəzərə alınaraq 2011-ci ildə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm və yaraşıqlı Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Mərkəzin qarşısında xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin möhtəşəm bir Abidəsi ucaldılmışdır.

23 sentyabr 2011-ci ildə Quba Heydər Əliyev Mərkəzi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Möhtərəm Prezidentimizin Mərkəzin açılışında söylədiyi "Ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır" sözləri isə fəaliyyət proqramımız olmuşdur.

Mərkəzdə müntəzəm olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik və azərbaycançılıq məfrukəsinin təbliği ilə əlaqədar silsilə tədbirlər, dəyirmi masalar, elmi – praktik konfranslar, inşa müsabiqələri, ədəbi-bədii tədbirlər və intellektual oyunlar keçirilir.

2018-ci ilin müvafiq dövründə Quba Heydər Əliyev Mərkəzində 70 tədbir keçirilmiş, 198 ekskursiya qeydə alınmış, tədbirlər və ekskursiyalarla 45.395 nəfərin, fərdi qaydada isə 3415 nəfərin gəlişi qeydə alınmışdır. Ümumilikdə Mərkəzə gələnlərin sayı isə 48810 nəfər, onlardan 445 nəfəri xarici qonaqlar olmuşdur.

2019-cu ilin I rübü ərzində Quba Heydər Əliyev Mərkəzdə 15 tədbir keçirilmiş, 42 ekskursiya qeydə alınmış, tədbirlər və ekskursiyalarla 12.559 nəfərin, fərdi qaydada isə 546 nəfərin gəlişi qeydə alınmışdır. Ümumilikdə Mərkəzə gələnlərin sayı 13.105 nəfər olmuşdur.

Mərkəzə gələn hər bir tamaşaçıya Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi və dövlətçilik təcrübəsi barəsində ətraflı məlumat verilir, eyni zamanda tamaşaçılara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən yüksək sosial-iqtisadi inkişaf, quruculuq, ölkə Prezidentinin daxili və xarici siyasəti, onun gördüyü misilsiz xidmətlər dolğun şəkildə çatdırılır. Dövlət başçımızla çiyin-çiyinə Heydər Əliyev ideyalarını, onun xeyriyyəçilik arzularını həyata keçirən, təhsilimizi, mədəniyyətimizi inkişaf etdirən, milli-mənəvi dəyərlərimizi bütün dünyaya tanıdan Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti xalqa çatdırılır.

Fərəhlə qeyd etmək lazımdır ki, 2018-ci ilin yekunlarına görə Quba Heydər Əliyev Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən region üzrə “İlin Heydər Əliyev Mərkəzi” adına layiq görülmüş və Fəxri Fərmanla təltif olunmuşdur.