Göyçay rayon Heydər Əliyev Muzeyi 2007-ci ildən fəaliyyətə başlamışdır. Heydər Əliyev Muzeyi Mədəniyyət və Turizm Nazirinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Göyçay rayon Heydər Əliyev Mərkəzi 2009-cu ildə tikilib, 2010-cu il fevralın 12-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Ümumilikdə muzeyin əsas fondunda Ulu Öndərin həyat və fəaliyyəti, onun Göyçaya səfərləri ilə bağlı 518 eksponat yerləşir. Mərkəzin birinci mərtəbəsində yerləşən muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən 215 eksponat nümayiş olunur. Ekspozisiya zalında dahi şəxsiyyətin uşaqlıq, tələbəlik və gənclik illəri, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlər, 1982-1987-ci illərdəki fəaliyyəti, II hakimiyyəti illəri və Heydər Əliyevin Göyçay rayonuna səfərlərini əks etdirən, həmçinin Ümummilli Liderin I hakimiyyəti illərində Azərbaycanda həyata keçirdiyi quruculuq işləri və müxtəlif ölkələrdə dahi şəxsiyyətin xatirəsinə ucaldılmış heykəl, büst, barelyef və abidə kompleksləri əks olunmuş fotoşəkillər yerləşir. Zalda Ulu Öndər haqqında videoçarxların nümayiş olunması üçün monitorlar quraşdırılıb. O cümlədən, zalda Heydər Əliyevin şəxsi arxivindən götürülmüş sənədlərin surəti (22 ədəd) vitrinlərdə nümayiş olunur. Muzeyin ikinci mərtəbəsində isə Ulu öndərin görkəmli şəxsiyyətlər və incəsənət xadimləri ilə görüşlərini əks etdirən eksponatlar yerləşir. Muzeyin foyesində görkəmli heykəltəraş Ömər Eldarovun hazırladığı Ulu Öndərin büstü qoyulmuşdur.