Göyçay rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

26.02.2020-ci il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı Soyqırımının 28-ci il dönümünə həsr olunmuş "Tarixin Qan yaddaşı- Xocalı" adlı tədbir keçirildi. İlk olaraq Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xocalı dəhşətlərini əks etdirən videoçarx nümayiş olundu. Mərkəzin Fond mühafizi Könül Bayramova tədbiri açıq elan edərək bildirib ki, bu gün nəinki Azərbaycan tarixinə hətta bəşəriyyət tarixinə ən dəhşətli və misilsiz faciə kimi daxil olmuş Xocalı soyqırımının 28-ci il dönümünü qeyd edirik. Sonra Xocalı hadisələri haqqında ətraflı məlumat vermək üçün çıxış üçün söz 1 saylı tam orta məktəbin müəlliməsi Tehranə Hacıyevaya verildi. O, öz çıxışında ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik Azərbaycan xalqına qarşı yönəlmiş ən dəhşətli faciədir. Daha sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi Ülkər Məlikzadə öz çıxışında bildirib ki, XX əsrin sonunda baş vermiş bu faciə insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur. O, həmçinin Xocalı sakinlərinin dilindən bu faciədə onların şahidi olduqları dəhşətlərdən danışdı. Daha sonra Mərkəzin bələdçisi Aytən Zeynalova "Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi qiymətin verilməsi" mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı və təşəbbüskarı olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə əsrin ən böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. Daha sonra 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında "Xocalı fəryadı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.