Göyçay rayon Heydər Əliyev Mərkəzində görkəmli şair Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş adlı tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində görkəmli şair Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş adlı tədbir keçirilib

13.02.2020-ci il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində görkəmli şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş "Xalqın Bəxtiyarı" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə DİM-nin azərbaycan dili və ədəbiyyat üzrə markeri Aysel Məmmədova açaraq bildirib ki, müasir Azərbaycan poeziyasını yaradan və inkişaf etdirən tanınmış şairlər arasında ən görkəmli yerlərdən biri xalq şairi Bəxtiyar Vahabzadəyə məxsusdur. Təxminən 65 ilə yaxın gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan ədibin zəngin və rəngarəng poetik dünyasında yurdsevərlik, milli-mənəvi azadlıq, ana dilinin saflığı uğrunda mübarizə əxlaqi dəyərlərə və adət- ənənələrə ehtiram və s. kimi xüsusi yer tutur. Daha sonra çıxış üçün söz əməkdar müəllim, filoloq Adil Məmmədova verilib. O bildirib ki, müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük mərhələ təcəssümünü tapıb. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə geniş şöhrət gətirib.Sonra çıxış üçün söz filologiya üzrə fəlsəfə elmlər doktoru Əkbər Əlioğluna verilib. O qeyd edib ki, Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində B.Vahabzadənin müstəsna xidmətləri var. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub. Daha sonra şairə həsr olunmuş videoçarx nümayiş edilib. Sonda Mərkəzin əməkdaşı İsayeva Ülviyyə Bəxtiyar Vahabzadənin şeirlərindən söyləyib.