Göyçay rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbir keçirilib

16.01.2020-ci il tarixdə Göyçay rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş "Tarixin Qan yaddaşı" adlı tədbir keçirilib. Tədbir 20 yanvar şəhidlərinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlandı. Sonra Mərkəzin direktoru Zenfira Əliyeva bildirib ki, Azərbaycan xalqının qəhramanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Sonra çıxış üçün söz Prezident təqaüdçüsü, əməkdar müəllim Aqil Kəngərliyə verilib. O, çıxışında bildirib ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı. Daha sonra 4 saylı orta məktəbin tarix müəlliməsi Firəngiz Rzayeva tarixin yaddaşına qanla yazılmış həmin günün canlı şahidlərinin yaşadığı dəhşətli anlardan, mübarizə əzmindən ətraflı danışıb. Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəlliməsi Nərmin Abışova qeyd etdi ki, Azərbaycan xalqının dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş,mütərəqqi qüvvələrin qəzab və hiddətinə səbəb olmuşdur. O zaman da bir çox ölkələrin radiostansiyaları yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.Daha sonra 3 saylı orta məktəbin 4-cü sinif şagirdləri bədii-kompozisiya ilə çıxış etdilər.Sonra Mərkəzin əməkdaşı Ülviyyə İsayeva Bəxtiyar Vahabzadənin Şəhidlər poemasından kiçik bir hissə ilə çıxış etdi. Tədbirdə həmçinin Göyçay rayon Çaxırlı kənd məktəbinin şagirdləri də iştirak edirdi. Sonda isə videoçarx nümayiş olunub.