Göyçay rayon Heydər Əliyev Mərkəzində "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş tədbir keçirilib

Göyçay rayon Heydər Əliyev Mərkəzində "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş tədbir keçirilib

03.12.2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində "3 dekabr -Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zenfira Əliyeva açıq elan edərək bildirib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Sonra UNDP təlimçisi Vüqar Süleymanov çıxış edərək 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlərin görüldüyünü qeyd edib. Daha sonra çıxış üçün söz UNDP təlimçisi Qorxmaz Əfəndiyevə verilib. O, bildirib ki, ölkəmizdə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır. Növbəti olaraq, Mərkəzin kiçik elmi işçisi Ülkər Məlikzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin "Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq" fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu sahədə də tədbirlərin getdikcə daha geniş vüsətlə davam etdirilməsinə, əlillərin həyat şəraitinin yaxşılaşmasına onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Sonda "Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş videoçarx nümayiş olunub.